ABŞ prezidenti, “Böyük Yeddilər”in (G7) sammitində iştirak üçün Karbis-Bey şəhərinə gəlmiş Cozef Bayden Böyük Britaniyanın baş naziri Boris Consonla görüşdə ona Amerika istehsalı olan velosiped və dəbilqə hədiyyə edib.
Bu barədə PA agentliyi bildirib.
Öz növbəsində tez-tez velosipeddə gəzintilərə çıxan Conson da Baydenə qaradərili hüquq müdafiəçisi Frederik Duqlasın (1817-1895) şərəfinə Edinburqda çəkilmiş şəkil bağışlayıb.
Qeyd edilir ki, Duqlas 1840-cı illərdə Böyük Britaniyaya səfər edib.
Agentliyin məlumatına görə, səfərdə Amerika liderini müşayiət edən Ağ Ev başçısının xanımı Cill Bayden ingilis yazıçısı Dafnı dyu Morenin (1907-1989) “Alma ağacı” hekayələr toplusunun birinci nəşrini alıb. Öz növbəsində Britaniya baş naziri ilə toyu mayın 29-da olmuş Kerri Conson da ABŞ-ın hərbi qulluqçularının arvadları tərəfindən istehsal edilmiş dəri çanta və ipək şarfın sahibəsi olub.
Bayden və Consonun ikitərəfli görüşü G7 sammiti ərəfəsində keçirilib.