2 C
Baku
Saturday, December 14, 2024

Bayden güclü fiqura üstünlük verir. Kamala Harris vitse-prezidentliyə namizəd seçilib

LAP ƏVVƏLDƏN Bayden elan etmişdi ki, bu vəzifə üçün qadına üstünlük verəcək. Ölkədəki son olaylardan – Black Lives Matter hərəkatından sonra qadın namizədin dərisinin rəngi də önəm qazandı və onun qeyri-ağ olması barədə partiya daxilində konsensus yarandı.

Harris əslində prezidentliyə namizəd olmaq istəyirdi, amma kampaniyası uğurlu alınmadı və mübarizəni tez dayandırdı. Elə o vaxtdan onun adı vitse-prezident (VP) vəzifəsi üçün şanslı namizədlər arasında hallanırdı. Obama komandasının bəzi üzvləri prezidentin sabiq milli təhlükəsizlik müşaviri Suzan Raysın təbliğatını aparırdı. Konqresdəki afroamerikalı demokrat qadınların və eyni irqi xüsusiyyətlərə malik qubernatorların da adları gündəmə gəlmişdi.

Harrisin namizədliyinə müqavimət var idi, onun çox ambisiyalı olduğunu və Baydenin andiçməsindən dərhal sonra öz prezidentlik kampaniyasına başlayacağını söyləyirdilər. Bu səbəbdən, intriqa son saatlara qədər davam etdi, əsas sual bu idi ki, Bayden hansı profilə üstünlük verəcək – siyasi iddiası olan güclü fiqura, yoxsa perspektiv siyasi planları olmayan texniki namizədə? Bayden birinciyə üstünlük verdi.

Bu seçim niyə əvvəlki dövrlərlə müqayisədə daha önəmlidir?

Baydenin yaşı etibarilə çox aktiv prezidentlik etməyəcəyi gözlənilir. (Tramp onu “yuxulu Co” adlandırır.) İkinci adamın idarəçilikdə rolu və təsiri bu səbəbdən artacaq. Bayden seçilsə (şansı çox yüksəkdir), səlahiyyətlərinin icrasına başlayacağı gələn il 78 yaşında olacaq. (ABŞ tarixinin ən yaşlı prezidenti.) Bu yaşdakı adamın hər an səhhətinin ağırlaşması, hətta vəfat etməsi ehtimalı var. Bu kimi hallarda vitse-prezident ölkənin yeni prezidenti olur. Digər tərəfdən, Bayden səlahiyyət müddətini problemsiz başa vursa belə, onun ikinci müddətə namizəd olması ehtimalı çox azdır. Bu halda, 2024-cü ildə prezidentliyə əsas namizədlərdən biri kimi vitse-prezidentin adı önə çıxacaq. Elə buna görə də, partiya daxilində vitse-prezidentlik uğrunda ciddi rəqabət gedirdi və Baydenin qərarı səbirsizliklə gözlənilirdi.

Beləliklə, Bayden Harrisə üstünlük verməklə həm də demokratların prezidentliyə növbəti namizədini işarə etmiş oldu. Harris Bayden kimi mötədil liberaldır, bu isə o deməkdir ki, sistemin xas adamı olan qoca Co və onu dəstəkləyən elita son illər demokratlar daxilində xeyli güclənmiş proqressiv (sol) qanadın partiyaya və ölkəyə hakim olmasını istəmir.

Kamala Harris 56 yaşındadır. Atası yamaykalı, anası hindistanlıdır. Kaliforniyanın baş prokuroru olub. Seçilsə, o, ABŞ tarixinin ilk qadın (və tünd dərili qadın) vitse-prezidenti olacaq.

Müəllif: Şahin Cəfərli

Son xəbərlər
Digər xəbərlər