ABŞ prezidenti Co Bayden ailəsinin vergi bəyannaməsini açıqlayıb.
Bununla bağlı Ağ Evin mətbuat xidməti məlumat yayıb.
ABŞ administrasiyasının bəyanatına görə, Co Bayden və birinci xanım Cil Bayden 2021-ci ildə 610 min dollar gəlir əldə ediblər. Bu məbləğdən təqribən 150 min ABŞ dolları federal vergilərə ödənilib. Qeyd olunur ki, gəlir vergisi dərəcəsi 24,6 faiz təşkil edib.
Bundan əlavə, ABŞ rəhbəri və həyat yoldaşı ailəvi evlərinin yerləşdiyi Delaver ştatında 30 min dollar vergi ödəyiblər. Cil Bayden həm də Virciniya ştatında 2700 dollar vergi ödəyib.