ABŞ Prezidenti Cozef Bayden oktyabrın 18-də İsrailə səfər edəcək.
Bu barədə ABŞ dövlət katibi Antoni Blinken “X” sosial şəbəkəsindəki hesabında bildirib.
“Çərşənbə günü, ABŞ Prezidenti İsrailə səfər edəcək. O, bura İsrail, region və dünya üçün kritik anda gəlir”, – Blinken sosial şəbəkə hesabında yazıb.
Daha əvvəl yerli KİV bildirib ki, ABŞ Prezidenti oktyabrın 18-də İsrailə səfər edəcək. Qeyd edilir ki, Birləşmiş Ştatlar liderinin İsrailin Baş naziri Binyamin Netanyahu ilə görüşü gözlənilir.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Son məlumatlara görə, 1 400 nəfər ölüb, 3 300 nəfər yaralanıb. İsrail ordusu “müharibə hazırlığı vəziyyəti” elan edib və cavab olaraq “Dəmir Qılınclar” əməliyyatına başladığını açıqlayıb.
C.Baydendən əvvəl ABŞ-nin dövlət katibi Antoni Blinken və müdafiə naziri Lloyd Ostin də İsrailə səfər edib.
Xatırladaq ki, B.Netanyahu daha əvvəl C.Baydeni ölkəsinə səfərə dəvət etmişdi.