ABŞ prezidenti Co Bayden ölkədə koronavirusun yayılması ilə əlaqədar yüksək təhlükəsizlik tədbirləri və sərt məhdudiyyətlər fonunda ilk dəfə olaraq Senat və Konqresin Nümayəndələr Palatasının birgə iclasında çıxış edəcək. İclasda iştirak edənlərin sayı təxminən 10 dəfə azaldılacaq.
APA TASS-a istinadən xəbər verir ki, amerikalı liderin öz çıxışına ABŞ-ın Şərq sahili vaxtı ilə saat 21:00-da (Bakı vaxtı ilə sat 05:00) başlayacağı gözlənilir.
ABŞ-da ənənəvi olaraq prezidentlər “Ölkənin vəziyyəti barədə” Konqresə illik hesabatını təqdim edirlər. Ancaq Bayden vəzifəsinin icrasına 20 yanvarda gəldiyindən, söhbət tam bir məlumat çatdırılmasından getmir, çünki belə çıxışlarda bir illik işlərin yekunu barədə məlumat verilir. Ölkədə bir qayda olaraq dövlət başçıları ölkədəki vəziyyətlə bağlı öz baxışlarını bildirmək, daxili və xarici siyasətin prioritet sahələrini müəyyənləşdirmək üçün qanunvericilərə və adi amerikalılara bu cür müraciət formalarından istifadə edirlər.
İctimai televiziya kanalları və Ağ Evin internet saytında canlı yayımlanacaq çıxışın əsas hissəsi ənənəvi olaraq iqtisadi mühitə həsr ediləcək.