26 C
Baku
Thursday, October 10, 2024

Bayden prezident olarsa, Ermənistana kömək etməsi nə qədər realdır?

“Amerikanın yeni prezidenti seçilən (artıq çoxlarında şübhə doğurmur) Cozef Baydenin erməni lobbisi ilə əlaqələri sirr deyil. Bayden 1990-cı illərin əvvəllərində Konqresdə Azərbaycana qarşı qəbul edilən ədalətsiz 907-ci düzəlişin müəlliflərindəndir. Bayden seçki kampaniyası zamanı da Azərbaycan əleyhinə müxtəlif açıqlamalar verib. Ona görə də ermənilər ümid edirlər ki, Cozef Bayden Ermənistana dəstək verəcək, müharibənin gedişatında az qala ermənilərin xeyrinə dönüş yaradacaq”.

Bunu “Atlas” Araşdırmalar Mərkəzi rəhbəri Elxan Şahinoğlu deyir.

Azərbaycan müstəqillik qazandıqdan sonra Amerikanın müxtəlif prezidentləri ilə – Bill Klinton, Corc Buş, Barak Obama və Donald Trampla əməkdaşlıq edib. Barak Obamanın da erməni lobbisi ilə sıx əlaqələri var idi. E.Şahinoğlu deyir ki, Obama prezident seçiləcəyi təqdirdə “erməni soyqrımını” tanıyacağını vəd etmişdi: “Barak Obama prezident seçildikdən sonra “erməni soyqırımını” tanımadı, sadəcə hər ilin aprel ayında erməni dilində “böyük faciə” ifadəsini işlətdi. Barak Obama ona görə “erməni soyqrımını” tanımadı ki, Türkiyə ilə münasibətləri gərginləşdirmək istəmədi”.

Politoloq deyir ki, Cozef Bayden prezident seçildikdən sonra o da çətin ki, “erməni soyqırımını” tanısın: “Əlbəttə, hazırda ABŞ-la Türkiyə arasındakı münasibətlər normal deyil və Bayden Türkiyəni daima tənqid edir. Ancaq əgər Amerika prezidenti “erməni soyqırımını” tanıyarsa bu Amerika-Türkiyə münasibətlərinə daha pis təsir edəcək. Vaşinqton isə Türkiyənin bölgədəki artan rolunu nəzərə almaq məcburiyyətindədir.

Cozef Bayden Dağlıq Qarabağdakı erməni separatçılarını da məğlubiyyətdən xilas edə bilməyəcək. Birincisi, Cozef Baydenin prezident seçilməsi rəsmiləşsə də, onun andiçmə mərasimi yanvar ayının sonunda keçiriləcək. Digər tərəfdən andiçmədən sonra yeni vəzifədə Baydenin adaptasiya dövrü ən azı 5-6 ay çəkəcək. Bu müddətədə qədər isə Azərbaycan Dağlıq Qarabağ üzərindəki nəzarəti bərpa edəcək.

Azərbaycan öz qazını Avropaya nəql etməyə başlayacaq. Bu isə Amerikanın maraqlarına cavab verir. Digər tərəfdən Bayden administrasiyası Azərbaycanın İsraillə əməkdaşlığını da nəzərə almaq məcburiyyətindədir”.

Son xəbərlər
Digər xəbərlər