ABŞ prezidenti Co Bayden çərşənbə günü respublikaçıları seçkilərdən sonra ABŞ Konqresinin Nümayəndələr Palatasında səs çoxluğu əldə etmələri münasibətilə təbrik edib və onlarla qarşılıqlı əlaqədə olmağa hazır olduğunu açıqlayıb.
“Lideri – aşağı palatadakı respublikaçılardan olan Kevin MakKartini səs çoxluğu qazanması münasibətilə təbrik edirəm”, – deyə prezident yazılı açıqlamasında bildirib.
Demokrat Bayden əmin edib ki, o, adi amerikalıların xeyrinə nəticələr əldə etmək üçün Nümayəndələr Palatasının respublikaçıları ilə işləməyə hazırdır.
Baydenin sözlərinə görə, ötən həftə keçirilən aralıq seçkiləri “Amerika demokratiyasının gücünü və möhkəmliyini göstərdi”.
Öz növbəsində, tvitterdə seçkilərin nəticələrini şərh edən Makkarti qeyd edib ki, “amerikalılar yeni kursa, respublikaçılar isə onu həyata keçirməyə hazırdırlar”.