13 C
Baku
Saturday, April 27, 2024

Baydenin ‘soyqırımı’ ifadəsindən sonra biz nə etməliyik? (Şərh)

ABŞ Prezidenti qondarma “soyqırımı” ifadəsi ilə bir daha dünyaya ABŞ siyasi səhnəyə qayıdır, dünyada hakim missiyasını davam etdirəcək və sair mesajlarla yanaşı həm də ABŞ hər yerdə mövcuddur mesajını verdi. Həm Qafqazda, həm Yaxın Şərqdə stabilliyin, sülhün risk altına atılması ehtimalı artdı.

ABŞ özü də bilir ki, hazırda nəinki Türkiyəni, ümumiyyətlə hər hansı dövləti soyqırımda günahlandırmaq ədalətsizlikdir. Çünki, ABŞ-ın özünün, Fransa, İspaniya, Portuqaliya və sair dövlətlərin də soyqırımla bağlı günahlandırılması üçün xeyli tutarlı fakt və əsaslar mövcuddur.

Bütün bunlara baxmayaraq, “soyqırım” ifadəsi ilə bağlı formalaşmaqda olan yüksək risk mövcud idi və bu risk dünən gerçəkləşdi. Gözlənilən idi. Ürək olmasın deyirdi, ağıl, məntiq olacaq deyirdi. Ah-vay etmək, emosiyalara qapılmaq, ABŞ-a hədə-qorxu gəlmək və sair sadəcə səmərəsiz olacaq.

Bəs hansı addımlar daha səmərəli ola bilər? ABŞ mallarına qarşı embarqo? Real və səmərəli deyil. Əks effekt verər. Türkiyənin İncirlik hərbi bazası ilə bağlı atacağı hər hansı addım da nəticə verməz. Diplomatik əlaqələrin və ya hər hansı əlaqələrin kəsilməsindən söhbət gedə bilməz. Emosiyaları kənara qoyaraq soyuq başla düşünsək reallıqları görürük. Bəs onda əlimizi, qolumuzu sallayaraq oturaq? Qətiyyən. Nə etməli?

– Bu vəziyyəti doğuran əsas obyektiv səbəbi (erməni lobbisi amilini) kənara qoysaq, subyektiv səbəblər də mövcuddur. Onların bundan sonra müəyyənləşdirilib aradan qaldırılması vacibdir. Gözlənilən Biden-Erdoğan görüşündə ABŞ böyük ethimalla Türkiyənin könlünü almağa çalışacaq. Həmin subyektiv səbəblərin də aradan qaldırılması üçün dialoq şansı yaranacaq;

– Dünya 2 böyük qütbə bölünüb. Həmin qütblər arasında fikir ayrılıqları dərinləşdikcə, 3-4 alt qütbə bölünmə də baş verir. Sadə dillə desək, indiyə qədər dəfələrlə səsləndirdiyim yeni platformalar, siyasi-iqtisadi birliklər və sair yaranacaq. Hələlik bu birlik və platformaların konturları cızılır. Amma, heç kim yeni düzəndə öz payından nəsə itirməmək və ya daha çox pay qopartmaq üçün bir çox hallarda oyunpozanlıq edir. Hazırda istənilən böyük layihələrdə biz bunun şahidi olmaqdayıq;

– Türkiyə və Yaxın Şərq regionu ABŞ üçün vazkeçilməzdir. ABŞ-da olan güclər nahaq yerə bu fikri səsləndirməyiblər ki, “Türkiyə türklərə buraxılmayacaq qədər vacib dövlətdir”. Yəni, əlimizi çəkmərik və Türkiyə vazkeçilməz müttəfiqdir. (əslində bu cümlə saatlarla müzakirəyə açıq dərin fikirləri əhatə edir. Biden-in İstanbul əvəzinə Konstantinopol deməsi də düşündürücüdür);

– Növbəti ABŞ-Türkiyə zirvə görüşünə qədər ABŞ Türkiyəni qarşı tərəfə addım atmağa sövq etdi. Həmin görüşdə verəcəyi mesaj və addımlar daha həlledici olacaq;

– ABŞ Türkiyəni Rusiya və Çinə doğru istiqamətləndirəcək qədər ağılsız dövlət deyil. Əgər istiqamətləndirsə, o halda buna incə tələ kimi baxmaq məncə daha məqsədəuyğun olar;

Bundan sonra:

– Türkiyə də, Azərbaycan da diaspora fəaliyyətlərini birləşdirərək daha da aktivləşdirəcək;

– bu məsələyə etirazları və narahatlıqlarını hər səviyyədə bildirəcək ki, ermənilər şirnikib daha uzağa getməyə çalışmasınlar. Çünki, hazırda əsas risklərdən biri də formalaşmaqda olan erməni eyforiyasıdır. Xəstə millətin eyforiyasını proqnozlaşdırmaq da çətin olur;
– hər hansı dini, hisslərə əsaslanan siyasi əməkdaşlıq və birliklər haqqında deyil, siyasi-iqtisadi mənafelərə əsaslanan birliklər haqqında düşünmək məncə daha məqsədəuyğun olar. Məsələn, təəssüf ki, İslam ölkələri birliyi və sair məsələlər təəssüf ki, bizim və Türkiyənin əksinə (bir sıra İslam dövlətlərinin timsalında) işlədi;

– lobbiçilik fəaliyyətini gücləndirməkmi, yoxsa bu sahədə daha səmərəli bir strategiya müəyyən edərək (uyğun istiqamətlərdə daha güclü lobbi ilə) sinerji yaratmaqmı?
– heç bir şey əvvəlki kimi olmayacaq. Bunu mən demirəm, Türkiyənin demək olar ki, bütün siyasi xadimləri deyil. Amma necə olacaq? Yeni strategiyada nələrsə əldə etmək üçün bir çox siyasətlərin və yanaşmaların dəyişəcəyi gözləniləndir. Bir çox sürpriz addımlar da atılacaq;

– çox əmin olduğum bir amil var: iqtisadiyyat. Bu dünya iqtisadiyyatı güclü olan dövlətə hörmət edir. Türkiyə və Azərbaycan daha güclü iqtisadiyyat qurmağı prioritetləri elan edəcəklər;

– və nəhayət. Dünyada xaos idarəçiliyi deyilən bir nəzəriyyə var. Həmin nəzəriyyə ilə az-çox tanış olan biri kimi deyirəm ki, o nəzəriyyə deyil, elmdir. Dünyanın məhz xaosa qərq olduğu 1919-cu il (BMM (indiki BMT) əsası qoyuldu), 1917-ci il (I Dünya Müharibəsi dövründə sosialist inqilabı), 1933-cü il (Böyük Depressiyanın sonuna yaxın Hitlerin hakimiyyətə gəlməsi), 1944-cü il (II Dünya Müharibəsinin sonuna yaxın Bretton Vuds sazişi), 1971-ci ilin avqustu (Vyetnam müharibəsi illərində Nikson şoku) və sair. Bütün bu hadisələr özündən sonra Yeni Dünya Düzəni, yeni iqtisadi düzənlər formalaşdırdı. Məhz digərlərinin xaos hesab etdikləri, ABŞ-ın başını itirib kənarda qaldığını, iqtisadi və siyasi çöküş yaşadıqlarını zənn etdikləri bir zamanda. İndi də həmin dövrlərə oxşar dövr yaşayırıq. Pandemiya. Daha qlobal bir xaos. Amma, ciddi planların hazırlandığı, yeni düzənin konturlarının cızıldığı bir dövr. Hələlik, səhnə görünmür. Pərdə çəkilməmişdir. Pandemiya pərdəsi. Məhz o pərdə qalxdıqdan sonra, yəni post-pandemiya dövründə (konturları az-çox bəlli olmağa başlayan) həmin səhnəni görəcəyik.

Haşiyə: Bu sualı dərin təhlil edərək bundan sonrakı fəaliyyətimizdə nəzərə alsaq məncə uduşlu olarıq. Sual: Nə üçün Ermənistan balanslı siyasət yürüdəndə həm ABŞ, həm Fransa, həm Rusiya, həm ərəb ölkələri, həm İran onu özününkü kimi qəbul edir, amma Azərbaycan balanslı siyasət yürüdəndə ABŞ və Avropa (hələ nə qədər yaxşılıqlar etdiyimiz, əlaqələr qurmağa çalışdığımız Fransanı demirəm) Azərbaycanı Rusiya meylli, Rusiya isə Türkiyə və Qərb meylli hesab edərək təzyiqləri davam etdirir? Bu çox acı həqiqətdir. Cavabı sadədir: Siyasəti aparan Ermənistan dövləti deyil, erməni lobbisidir. Biz lobbinin və heç olmasa diasporun gücünü anladıqca əmin olacağıq ki, “diaspor fəaliyyəti dövlətçiliyi iliyinə, qanına, sümüyünə qədər dərk etməklə ciddi və dərin fəaliyyətdir”. Lobbi yaratmaq uzun və çətin prosesdir. Amma, bu sahədə də şansımız mövcuddur. Qardaş Türkiyənin və bizim bu şansı daha dərin dəyərləndirəcəyimizə inanıram.

Müəllif: Elman Sadıqov, İqtisadçı-ekspert

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər