29 C
Baku
Thursday, May 30, 2024

Bayram günlərində işə cəlb olunan işçilərin maaşı necə hesablanır?

Azərbaycan Respublikası qanunvericiliyinə əsasən istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işçilərin işə cəlb olunması yolverilməzdir. Lakin müəyyən hallarda işçilərin qeyri-iş günlərində də işə cəlb olunması zərurəti yaranır.

Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən həmin Məcəllənin 101-ci maddəsinin «a» və «b» bəndlərində nəzərdə tutulmuş müstəsna hallarda(a-dövlətin müdafiəsinin təmin olunması üçün, habelə təbii fəlakətin, istehsal qəzasının qarşısını almaq və ya onların nəticələrini aradan qaldırmaq üçün yerinə yetirilməsi zəruri olan ən vacib işlərin görülməsi; b- su, qaz və elektrik təchizatı, isitmə, kanalizasiya, rabitə və digər kommunal müəssisələrində işlərin, xidmətlərin pozulmasına səbəb olan gözlənilməz hadisələrin nəticələrini aradan qaldırmaq üçün zəruri işlərin görülməsi;), habelə fasiləsiz istehsalatlar, ticarət, ictimai iaşə, rabitə, nəqliyyat və digər xidmət müəssisələrində istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günündə işçilər işə cəlb oluna bilərlər.

Belə hallarda isə işçilərin əməyi mütənasib qaydada ödənilməli və adi günlərlə qeyri-iş günlərində həyata keçirilən əməyin qarşılığı eyni qaydada olmamalıdır.

Bəs iş günü hesab edilməyən bayram günlərində fəaliyyət göstərilməsi nəticəsində əmək haqqı necə hesablanır?

Əmək Məcəlləsinin 164.1-ci maddəsinə əsasən istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı aşağıdakı kimi ödənilir:

– əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla;

– əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla;

– aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla.

Misal: Normal iş rejmində işləyən “X” MMC-nin işçisinin 23 mart tarixində 6 saat və 24 mart tarixində isə 10 saat işə çıxaraq işləməsi nəzərdə tutulmuşdur. Beşgünlük iş rejimində işləyən bu işçinin aylıq əmək haqqı 826 azn təşkil edir.

Nəzərə alaq ki, mart ayında 118 saat (13 gün x 8saat + 2 gün x 7 saat) iş norması vardır, onda bir saatlıq əməkhaqqı 826/118 saat = 7 azn təşkil edəcək. Martın 23-də və 24-də işlənilmiş (6 saat+10 saat) = 16 saatın əməkhaqqı 16 x 7 azn x 2 misli = 224 azn olacaqdır.

Deməli, həmin işçinin mart ayı üçün əməkhaqqı (826 + 224) = 1050 azn olacaqdır.

Göründüyü kimi müvafiq maddənin 1-ci bəndinə əsasən, bayram günlərində işləmiş işçiyə gündəlik əməkhaqqının ən azı iki misli məbləğində ödəniş olmalıdır. Amma işçi işlədiyi bayram günlərinin əvəzinə istirahət günü kimi istifadə etmək istəyirsə, bu zaman ona ikiqat əməkhaqqı ödənilmir və o, normal aylıq əməkhaqqı alır.

Təcrübədə bəzən istirahət günləri, səsvermə, və iş günü hesab olunmayan bayram günlərində və ümumxalq hüzn günündə işə cəlb olunan işçilərə cəlb olunduqları günlərə görə əvəzgün verilərək əlavə əməkhaqqı hesablanmır. Lakin Əmək Məcəlləsinin 164-cü maddəsinə əsasən, iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, ona maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla əməkhaqqı ödənilir.

Qanunvericiliyin tələbinin mahiyyəti ondan ibarətdir ki, hətta işçiyə istirahət günlərində, səsvermə, ümumxalq hüzn günü və iş günü hesab olunmayan bayram günlərində işə cəlb edildiyinə görə əvəzgün verilsə belə, həmin günlərə görə onlara maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğində əməkhaqqı ödənilməlidir.

Digər bir məqam isə qeyri-iş gününün müəyyən vaxtında işə cəlb olunmuş işçilərə əməkhaqqının ödənilməsi ilə bağlıdır. Bəzi hallarda qeyri-iş günündə müəyyən müddətə (məsələn, 3 saat) işə cəlb olunan işçiyə əməkhaqqı tam iş gününə görə hesablanır. Lakin qanunvericiliyə əsasən, işçi qeyri-iş gününün müəyyən vaxtında işə cəlb olunubsa, ona faktiki işə cəlb edildiyi vaxta görə əməkhaqqı ödənilir.

Onu da qeyd etmək lazımdır ki, işəgötürən iş günü hesab edilməyən bayram günlərində işçiləri işə cəlb edərkən bu barədə müvafiq əmr (qərar, sərəncam) verməlidir.

Eyni zamanda işçinin əməkhaqqının hesablanmasında və ödənilməsində qanun pozuntularına yol verilməsi İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibati məsuliyyətə səbəb olur.

Digər bir sual isə məzuniyyət günlərinin qeyri-iş gününə təsadüf etməsi halları necə tənzimlənməsi ilə bağlıdır.

Məzuniyyət hüququ hər bir işçiyə məxsus olan ayrılmaz hüquqdur. İşçiyə məzuniyyət ödənişli və ödənişsiz əsaslarla verilə bilər. BƏT “Ödənişli məzuniyyətlər haqqında” 132 saylı Konvensiyasına əsasən ödənişli məzuniyyətin müddəti 3 həftədən az olmamalıdır.

Milli qanunvericilikdə nəzərdə tutulmuşdur ki, əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri məzuniyyətin təqvim günlərinə daxil edilmir və ödənilmir.

Əmək Məcəlləsinin 113-cü maddəsinə əsasən əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır.

Həmçinin beynəlxalq hüquqa da nəzər salsaq, görərik ki, 132 saylı Konvensiyada bu məsələ ilə bağlı norma öz əksini tapmışdır: dövlət və adət-ənənəvi bayramlar, illik tətilə təsadüf edib-etməməsindən asılı olmayaraq, bu Konvensiyada nəzərdə tutulmuş ödənişli minimum illik tətilin bir hissəsi kimi nəzərə alınmır.

Göründüyü kimi bu mövzuda müəyyən boşluq vardır: bəs həmin günlərin əvəzi necə tənzimlənir?

Bu məsələyə aydınlıq gətirmək üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 13 yanvar 2006-cı il tarixli birgə izahatına baxmaq lazımdır.İzahatdan qeyd edilmişdir ki, (istirahət günlərinə düşüb-düşməməsindən asılı olmayaraq) əmək məzuniyyətinin müddəti həmin bayram günlərinin sayı qədər haqqı ödənilmədən uzadılır. Bu izahatı belə şərh edə bilərik: işçinin məzuniyyət haqqı hesablanarkən qeyri-iş günləri də bu ödəncə daxil edilir; həmçinin işçinin əmək məzuniyyəti iş günü hesab edilməyən bayram gününə təsadüf etdiyi üçün həmin günlərin əvəzi olaraq məzuniyyəti qeyri-iş günlərinin sayı qədər uzadılır, lakin bu günlər məzuniyyət ödənişi hesablanarkən nəzərə alınmır.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinə əsasən işçinin məzuniyyət hüquqlarının pozulmasına, işçiyə əmək məzuniyyətinin verilməməsinə, habelə istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsinə görə sanksiya müəyyən edilmişdir – (vəzifəli şəxslər 1.500 manatdan 2.000 manatadək cərimə edilir).

Mənbəe-huquq.az
Son xəbərlər
 ⁠
Digər xəbərlər