Azərbaycan ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar bayram və istirahət günlərində əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün iyunun 5-9-da gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Gücləndirilmiş iş rejimi ərzində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən bölgələrə 1 034 reys həyata keçirilib, 31 636 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.
Adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün əlavə olaraq 250-ə yaxın reys həyata keçirilib.
Bu müddət ərzində regionların avtovağzal və avtostansiyalarından müxtəlif istiqamətlərə 1 253 reyslə 22 446 sərnişin daşınıb.
Biletlər avtovağzalların kassalarından və “biletim.az” portalı vasitəsilə onlayn qaydada sərnişinlərə təqdim edilib. Sərnişinlərin 40 %-i biletlərini onlayn qaydada “biletim.az” portalından əldə edib.
Bakıdan bölgələrə və əks istiqamətdə daşınan sərnişinlərin tələbatı tam qarşılanıb.