12 C
Baku
Saturday, November 23, 2024

Bayramov: “Bakı Zəngəzur dəhlizinin açılması üçün “B” planına malikdir”

Zəngəzur dəhlizinin açılması nəticəsində Orta Dəhlizlə yükdaşımalar ildə 5-8 milyon ton arta bilər. Bunu xarici işlər naziri Ceyhun Bayramov deyib.

“Zəngəzur dəhlizi Şərq-Qərb yolunda elementlərdən biridir. Ekspertlər müəyyən ediblər ki, Zəngəzur dəhlizi vasitəsilə Orta Dəhlizə əlavə 5-8 milyon ton karqo göndərilə bilər.Bu, təkcə Azərbaycan və Ermənistan üçün deyil, həm də digər ölkələr üçün çox faydalıdır”, – deyə nazir Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) və “Madyar Demokrata” macar nəşrinə müsahibəsində bildirib.

O xatırladıb ki, Zəngəzur dəhlizinin, yəni Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz yolun açılması 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın bir hissəsidir.

“Kommunikasiyaların açılması çox vacibdir, çünki nəqliyyat əlaqələri, ticarət və sairə təkcə tərəflərə fayda və gəlir gətirmir, eyni zamanda regionda sülh prosesini dönməz edir. Belə ki, ölkələr bir-birinə sıx bağlı olur. Eyni zamanda, təkcə bizim regionda deyil, həm də Ukraynadakı müharibə də diqqətə alınmaqla onun hüdudlarından kənarda baş verən geosiyasi proseslər bizə Şərq və Qərbi birləşdirən yeni nəqliyyat marşrutlarının açılmasını diktə edir. Marşrutlara həm Avropa İttifaqı, həm də Mərkəzi Asiya dövlətləri və daha sonra Şərq tərəfindən güclü tələbat var. Bu mənada Azərbaycan ərazisindən keçən Orta Dəhlizin əhəmiyyəti böyükdür. Təkcə ötən il bizim ölkəmizdən yük axını 70 faiz artıb. Tələbat çoxdur”, – deyə XİN başçısı qeyd edib.

O xatırladıb ki, 2020-ci ilin noyabrında və 2021-ci ilin yanvarında imzalanmış üçtərəfli bəyanatlara uyğun olaraq, üç ölkənin baş nazirlərinin müavinləri səviyyəsində işçi qrupu yaradılıb. Artıq üç ildir ki, işlər davam edir.

“Hansısa məqamda belə bir təəssürat yaranır ki, biz işləri yekunlaşdırmağa yaxınıq, lakin birdən – son dəqiqədə Ermənistan gözlənilmədən yeni bir iddia irəli sürür, bu da prosesi dalana sürükləyir. Bu, qeyri-konstruktivdir, həm də üçtərəfli Bəyanatın müvafiq maddəsinin pozulmasıdır. Həmin maddəyə görə, Ermənistan öz üzərinə yüklərin, vətəndaşların və nəqliyyat vasitələrinin maneəsiz hərəkətinə qarantiya vermək öhdəliyini götürüb. Bu, Ermənistan tərəfindən qeyri-konstruktiv olmaqla yanaşı, həm də ona zərər verir. Bu ölkə özünü gəlirlərdən məhrum edir, hərçənd bütün ölkələr arasında məhz onun öz iqtisadi vəziyyətini düzəltməyə və izolyasiyadan çıxmağa ehtiyacı var”, – deyə Bayramov vurğulayıb.

Nazir bildirib ki, bu cür yanaşma İrəvanı öz iqtisadiyyatını qaydaya salmaq üzrə daha bir imkandan məhrum edəcək. Çünki yol sadəcə olaraq Ermənistandan yan keçə bilər.

“Azərbaycan isə “B” planına malik olan ölkə kimi, bu istiqamətdə işi davam etdirəcək. Onun üçün layihə Ermənistanın iştirakı olmadan da həyata keçirilə bilər, amma belə olan təqdirdə İrəvan bundan zərər çəkəcək”, – deyə o vurğulayıb.

Son xəbərlər
Digər xəbərlər