7 iyun 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov Slovakiya Respublikasına səfəri çərçivəsində bu ölkənin xarici işlər və Avropa məsələləri üzrə naziri Miroslav Vlaxovski ilə görüşüb.
XİN-dən verilən xəbərə görə, nazir Ceyhun Bayramov və nazir Miroslav Vlaxovski arasında təkbətək müzakirələrdən sonra, hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib.
Görüşdə tərəflər iki ölkə arasında siyasi, iqtisadi, energetika, turizm, təhsil, kənd təsərrüfatı, hüquq-müqavilə və mədəni-humanitar sahələrdə mövcud olan ikitərəfli əməkdaşlıq əlaqələri barədə fikir mübadiləsi aparıb. Bu il diplomatik əlaqələrin 30 illiyinin qeyd olunduğu, bu çərçivədə bir sıra mədəni tədbirlərin keçiriləcəyi diqqətə çatdırılıb.
Geniştərkibli görüş zamanı aparılan hərtərəfli müzakirələr zamanı əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə edən tərəflər, diplomatik təmsilçiliklərin genişləndirilməsi və yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivləşdirilməsi də daxil olmaqla ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi yollarını müzakirə ediblər.
Nazir C.Bayramov həmkarını post-münaqişə dövründə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi, Ermənistanla sülh müqaviləsi üzrə aparılan danışıqların cari statusu və Ermənistan tərəfinin müxtəlif bəhanə və təxribatlarla bu prosesi ləngitməsi, eləcə də mina təhdidləri barədə məlumat verilib. İşğaldan azad olunmuş Azərbaycan ərazilərində aparılan bərpa və yenidənqurma işləri və bu prosesdə Slovakiya şirkətlərinin iştirakı qeyd olunub. Bununla yanaşı, minaların təmizlənməsi sahəsində Slovakiyanın müvafiq mina təmizləyən avadanlıqların əldə edildiyi, bu sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyi bildirilib.
Slovakiya naziri Azərbaycanla ikitərəfli münasibətlərə olduqca böyük əhəmiyyət verildiyini və bu əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğunu qeyd edib. O, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və regionda davamlı sülhün təmin olunması istiqamətində Avropa İttifaqı tərəfindən həyata keçirilən səylərə ölkəsinin dəstəyini diqqətə çatdırıb.
Geniş tərkibli görüşdən sonra, nazirlər Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Sazişi imzalayıblar.
Daha sonra keçirilmiş mətbuat brifinqində media nümayəndələrinin suallarını cavablandıran nazirlər keçirilən ikitərəfli görüş zamanı müzakirə olunan mövzular və əldə olunan nəticələr barədə məlumat veriblər, jurnalistlərin suallarını cavablandırıblar.
Hər iki nazir Azərbaycan-Slovakiya əlaqələrinin həm ikitərəfli müstəvidə, həm də çoxtərəfli formatlar çərçivəsində daha da inkişaf etdirilməsinə dair qətiyyət ifadə ediblər.