Nazirlər Kabinetinin qərarı ilə iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə vaxtaşırı iş və istirahət günlərinin yeri dəyişdirilir. Bayramqabağı iş saatının qısaldılması ilə bağlı məqamlara əmək qanunvericiliyi eksperti Nüsrət Xəlilov aydınlıq gətirib.
2022-ci ilin iş vaxtı norması 40 saatlıq beşgünlük iş həftəsi üzrə 8 saatlıq iş günü hesabından müəyyən edilir. Bu zaman Əmək Məcəlləsinin 108-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq iş günü hesab edilməyən bayramqabağı, səsvermə, habelə Ümumxalq hüzn günü qabağı iş günlərində həftəlik iş günlərinin müddəti bir saat qısaldılır.
Misal 1: 8 mart Beynəlxalq Qadınlar günü Əmək Məcəlləsinin 105-ci maddəsinə görə iş günü hesab edilməyən bayram günü hesab edildiyi üçün 7 mart tarixində iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılacaq.
Misal 2: İşçinin 17 yaşı olduğu üçün onunla Əmək Məcəlləsinin tələbinə əsasən qısaldılmış iş vaxtı ilə əmək müqaviləsi bağlanmış və onun həftəlik iş saatlarının cəmi 36 saat müəyyən edilmişdir. Bu halda işçi 7 mart tarixində bayramqabağı olduğu üçün iş gününün müddəti bir saat qısaldılacaq?
Əmək Məcəlləsinin 108-ci maddəsində Əmək Məcəlləsinin 91, 92 və 93-cü maddələrinə əsasən qısaldılmış iş vaxtında çalışan işçilərin bayramqabağı iş saatlarının müddətinin qısaldılmaması qeyd edilmişdir. Ona görə də, qeyd edilmiş kateqoriyalara mənsub qısaldılmış iş vaxtında çalışan işçilərə bu qısaldılma şamil edilməyəcək.
Misal 3: 26 iyun Silahlı Qüvvələr günü Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən iş günü hesab edilməyən bayram günüdür. 26.06.2022-ci il həftənin bazar gününə təsadüf edir. Bu halda 24.06.2022-ci il tarixdə həftənin beşinci günü gündəlik işin müddəti bir saat qısaldılacaqdır?
Bayramqabağı iş saatlarının bir saat qısaldılması bilavasitə bayram gününün iş günündən sonrakı günə düşdüyü hala şamil edildiyinə görə, nümunədəki halda bayram günü qabağı iş günü deyil, istirhət günü olacağı üçün bu halda gündəlik işin müddəti qısaldılmayacaqdır.
Misal 4: Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən, 20 yanvar tarixi Ümumxalq Hüzn günü hesab edilir. 19 yanvar tarixində iş günü bir saat qısaldılacaq, yoxsa bu, yalnız bayram günləri öncəsinə şamil edilir?
Məcəllənin 108-ci maddəsində yalnız iş günü hesab edilməyən bayram günləri deyil, eyni zamanda səsvermə və ümumxalq hüzn günü də nəzərdə tutulduğu üçün 19 yanvar tarixində də iş gününün müddəti bir saat qısaldılır.