Bazar nə vaxt bərpa olunacaq? Kapitalizasiya beş aylıq minimuma qədər düşüb

Kriptovalyutanın ümumi dəyəri 251 milyard dollara qədər düşüb, o son dəfə 2017-ci ilin noyabr ayında bu qədər aşağı düşmüşdü. Mütəxəssislərin fikrincə, BTC 7000 dollardan yuxarı rəqəmini saxlaya bilərsə, sikkələrin dəyəri artmağa başlayacaq.

30 mart səhər kriptovalyuta bazarının kapitalizasiyası beş aylıq minimuma qədər, 251 milyard dollara düşdü. Hələ üç ay əvvəl o, demək olar ki, üç dəfə yuxarı, təxminən 820 milyard dollar idi. Ötən gün ərzində, demək olar ki, bütün məlum rəqəmsal pulların qiyməti ucuzlaşıb, bitcoin-in məzənnəsi 6730 dollara qədər düşüb, lakin hazırda qiymət nisbətən bərpa olunub, BTC 7040 dollar səviyyəsində satılır.

Ötən 24 saat ərzində Ethereum, Ripple, Bitcoin Cash, Stellar, Monero və NEM altcoin-lərinin dəyəri 7%-ə qədər düşüb. Kapitalizasiya həcmi baxımından 25 ən böyük sikkədən yalnız EOS token-i “yaşıl zona”da qalıb, onun məzənnəsi cəmi 1% artıb.

Bazarda kəskin eniş mart ayının 29-da Yaponiyanın Mr. Exchange və Tokio GateWay adlı iki böyük birjasının yoxlamalardan sonra yerli tənzimləyicidən lisenziya almaq üçün ərizələrini geri çəkdiklərindən sonra başladı. Müştərilərə pul geri qaytarılan kimi, platformaların işi dayandırılacaq.

Eyni zamanda Çin Xalq Bankının nümayəndələri rəqəmsal pul bazarının nəzarətini gücləndirəcəklərini bildiriblər, çünki kriptovalyutalar yuanın bütövlüyü üçün real təhlükə yaradır. Ölkədə dövlətin maliyyə sabitliyinə mənfi təsir göstərə biləcək maliyyə məhsulları ilə mübarizə gedir.

TradingView analitik portalının eksperti Dmitri Lavrovun fikrincə, yaxın gələcəkdə bitcoin 7000 dollardan yuxarı rəqəmini saxlaya bilərsə, onun qiyməti artmağa başlayacaq. Kriptovalyuta artıq 7500 və 7300 dollar dəstək səviyyələrindən aşağı düşüb.

2018-ci il 6 fevral tarixində bitcoin-in dəyəri 6000 dollara qədər düşmüşdü, daha sonra bir neçə dəfə 12000 dollar rəqəminə qədər qalxmışdı, lakin bu rəqəmi keçə bilməmişdi.