10 C
Baku
Thursday, February 19, 2026

Bazar süni intellektə İrandan daha çox reaksiya verir

Bloomberg yazır ki, ABŞ fond bazarı hazırda mümkün hərbi əməliyyatlardan daha çox biqtex şirkətlərinin göstəricilərinə diqqət yetirir. İki günlük artımdan sonra cümə axşamı premarketdə “Möhtəşəm yeddilik”in demək olar hamısı — Microsoft istisna olmaqla — ucuzlaşır. Nasdaq 100 fyuçersləri 0,5% geriləyib. Treyderlər son illərdə S&P 500 indeksinin əsas artım mühərriki olmuş sektorun zəifləyə biləcəyindən ehtiyatlanırlar.

ABŞ və İsrailin İrana qarşı birgə əməliyyatının günlərlə ölçülə biləcəyi barədə mediada yayılan xəbərlər fonunda Brent markalı neftin qiyməti cəmi 70,35 dollardan 71 dollara qədər yüksəlib.

Geosiyasi risklər “Möhtəşəm yeddilik” ətrafında mövcud olan gərginliyə əlavə olunur. İnvestorlar süni intellektə yönəlmiş iri həcmli investisiyaların özünü doğruldub-doğrultmayacağına şübhə ilə yanaşır. Onlar həmçinin bu investisiyaların artım tempinin zəifləməsinin yeni korreksiyaya səbəb ola biləcəyini istisna etmirlər.

Bəzi aktiv idarəçiləri nəzəri olaraq kapitalın biqtexdən daha müdafiəvi sektorlara rotasiyasının davam edə biləcəyini qəbul edirlər. Lakin praktikada bu, demək olar ki, baş vermir: əsas pul axınları və perspektivlər hələ də biqtex şirkətlərində cəmləşir.

Templeton Global Investments şirkətinin portfel meneceri Kreyq Kemeron bildirir: “Süni intellekt investisiya dövründən və enerji sektoruna yönələn paralel yatırımlardan faydalanacaq sahələrdə olmaq məntiqlidir.”

Anormal bazar dinamikası

The Wall Street Journal qeyd edir ki, hazırkı kimi qeyri-adi dinamika 1990-cı illərin ortalarından bəri cəmi bir neçə dəfə müşahidə olunub. İlin əvvəlindən sektorlar üzrə artım və enişlər tammiqyaslı böhranı xatırladır, lakin ümumi S&P 500 indeksi son tarixi maksimumlarından cəmi 2% geri çəkilib. Oxşar vəziyyət sonuncu dəfə 2023-cü ildə, Silicon Valley Bank böhranının pik dövründə qeydə alınmışdı. Ondan əvvəl isə belə dinamika qlobal maliyyə böhranı zamanı müşahidə olunmuşdu.

Məsələ sektorlar üzrə fərqli istiqamətli hərəkətlə bağlıdır. İlin əvvəlindən enerji sektoru 20%-dən çox artıb, həmçinin xammal istehsalçıları və əsas istehlak malları istehsalçıları yüksəlib. Eyni dövrdə maliyyə və texnologiya sektorları, eləcə də qeyri-əsas istehlak malları ucuzlaşıb.

WSJ yazır ki, belə mənzərə adi investorlar üçün əlverişli deyil. Etibarlı istiqamətverici amillər olmadıqda, onlar indeks fondları ilə kifayətlənə, daha riskli strategiyalara əl ata və ya azriskli aktivlərə yönələ bilərlər.

Son xəbərlər
Digər xəbərlər