11 C
Baku
Tuesday, November 5, 2024

Bazarda hökmran mövqedən sui-istifadə qadağan edilir, istisna hallar olacaq

Bazarda hökmran mövqedən sui-istifadə qadağan edilir.

Bu, Milli Məclisə daxil olan Rəqabət Məcəlləsində əksini tapıb.

Təsərrüfat subyektlərinin bazarda təkbaşına və ya birgə hökmran mövqedən rəqabətin məhdudlaşdırılmasına səbəb olan (və ya ola bilən) sui-istifadə halları qadağan edilir.

Hökmran mövqedən rəqabətin məhdudlaşdırılmasına səbəb olan (və ya ola bilən) sui-istifadə halları aşağıdakılardır, lakin bunlarla məhdudlaşdırılmır:

– aşağı və ya yüksək inhisar qiymətlərinin tətbiqi;
– müştərilərin mənafeyinə zidd olaraq istehsalın, satışın və ya texniki inkişafın (o cümlədən yeni texnologiyanın tətbiqinin) məhdudlaşdırılması;
– müqavilənin bağlanılmasının onun predmeti ilə birbaşa əlaqəsi olmayan, yəni mahiyyətindən və kommersiya istifadəsindən asılı olmayan əlavə öhdəliklərin daxil edilməsi ilə şərtləndirilməsi, o cümlədən bir məhsulun satışı üçün digər məhsulun əldə edilməsinin məcburi şərt kimi müəyyən edilməsi və (və ya) məhsulun məcburi əlavə çeşidlə satışı;
– iqtisadi və ya texnoloji əsaslar olmadan uyğun ödəniş müqabilində məhsulun təqdim edilməsindən, əqli mülkiyyət hüquqlarından istifadədən, yaxud şəbəkədən (ümumi istifadə üçün yaradılmış hər hansı bir sistemdən) birgə istifadə mümkün olduqda ona çıxış imkanının yaradılmasından imtina edilməsi;
– hökmran mövqedə olan təsərrüfat subyekti tərəfindən digər təsərrüfat subyektlərinin ona üstünlük verməyə məcbur edilməsi və ya hər hansı məhsulu onun rəqiblərindən deyil, yalnız ondan almağa sövq edilməsi;
– iqtisadi və ya texnoloji əsaslar olmadan satıcı və ya müştəri ilə bağlanılmış müqavilələrə xitam verilməsi, yaxud məhsulun təqdim edilməsi mümkün olduğu təqdirdə və qanundan irəli gələn hallar istisna olmaqla müqavilənin bağlanılmasından imtina edilməsi;
– müvafiq bazarda rəqabətin məhdudlaşdırılması ilə nəticələnən aşağı qiymətlərin, yaxud rəqiblərə davamlı olaraq rentabelli fəaliyyət göstərməyə imkan verməyən qiymətlərin tətbiq edilməsi (bu maddə hasilat və ya topdansatış bazarında hökmran mövqedə olan təsərrüfat subyekti tərəfindən yuxarı qiymətlər tətbiq edilməklə həmin məhsulu ondan alan və emal və ya pərakəndə bazarında onunla rəqabət aparan təsərrüfat subyektlərinin fəaliyyətini məhdudlaşdıran davranışa da tətbiq edilir);
– fiziki və mənəvi köhnəlmiş mallar, istifadədən çıxarılmış əsas və dövriyyə vəsaitləri istisna olmaqla, iqtisadi və ya texnoloji əsaslar olmadan məhsulun maya dəyərindən aşağı qiymətə satılması;
– iqtisadi cəhətdən mümkün və əlverişli olmasına baxmayaraq, rəqibin mühüm əhəmiyyətli resursdan istifadə etmək imkanından məhrum edilməsi;
– tələbat olan və bazarda qıtlığı müşahidə edilən xammalın, materialın və ya yarımfabrikatların hökmran mövqe tutan təsərrüfat subyekti tərəfindən onun istehsal və ya istehlak tələblərindən artıq həcmdə, yəni bazara təsir edən həcmdə alınması;
– hökmran mövqedə olan təsərrüfat subyektinə rəqib olmayan, lakin bir-biri ilə rəqib olan təsərrüfat subyektləri ilə bağlanılan eyni növ müqavilələrə obyektiv əsaslar olmadan fərqli şərtlərin (ayrı-seçkilik hallarının) tətbiqi ilə onların rəqabətdə əlverişsiz vəziyyətə salınması;
– Yuxarida nəzərdə tutulmuş hallarda eyni məhsulun alıcılarına münasibətdə aşağıdakılardan birinə gətirib çıxaran qiymət ayrı-seçkiliyinə yol verilməsi:
– rəqabətin əhəmiyyətli dərəcədə məhdudlaşdırılmasına;
– eyni növ və eyni keyfiyyətli məhsul oxşar məzmunlu müqavilələr vasitəsilə müxtəlif alıcılara satıldıqda, qiymət və (və ya) satış ilə bağlı şərtlərin (hər hansı güzəşt, kompensasiya, kredit və ya ödəniş şərtlərinin) həmin alıcılar arasında ayrı-seçkilik yaratmasına.
Qeyd olunan qiymət ayrı-seçkiliyi aşağıdakı hallarda hökmran mövqedən sui-istifadə hesab edilmir:
– istehsal, satış, təchizat, marketinq və çatdırılmanın qiymətində güzəştlərin tətbiqi nəticəsində yaranan qiymət fərqinin məhsulun həcmi, çatdırılma üsulu və yerinin müxtəlifliyi ilə əsaslandırılması;
– rəqibin təklif etdiyi qiymətlə və ya güzəştlə əlaqədar yaranan fərqi ödəmək üçün tədbirlər görülməsi;
– tez xarab olan malların istehlak müddəti bitənədək satılması (təqdim edilməsi) məqsədilə tədbirlər görülməsi;
– fiziki və ya mənəvi köhnələn malların tələbatdan çıxmadan satılması (təqdim edilməsi) məqsədilə tədbirlər görülməsi;
– məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən müsadirə, hərrac, ləğv olunma, müflis elan edilmə və digər hallarla bağlı satışın həyata keçirilməsi;
– müştərilərə ödəniş tarixçəsi və müqavilə xərclərindən asılı olaraq fərqli qiymətə satışın həyata keçirilməsi.
Hökmran mövqedən sui-istifadə edən təsərrüfat subyektinə öz hərəkətlərinin obyektiv zəruriliyini (təhlükəsizlik, istehlakçıların sağlamlığının qorunması, ictimai asayiş və digər) və ya səmərəliliyini sübut etmək imkanı yaradılır. Rəqabət orqanı həmin təsərrüfat subyektinin əsaslandırmasını qənaətbəxş hesab etdikdə qadağa ona tətbiq edilmir. Nəzərdə tutulmuş obyektiv zərurilik araşdırılarkən sui-istifadənin məqsədə uyğunluğu rəqabət orqanı tərəfindən nəzərə alınır. Bu halda nəzərdə tutulmuş səmərəlilik əsasları aşağıdakı şərtlərə cavab verməlidir:
– davranışın rəqabətdə texniki inkişaf, iqtisadi səmərəlilik, istehsal və təchizat xərclərində azalma (itkiyə yol verərək və ya mənfəət əldə etmədən təsərrüfat subyektinin qiymət manipulyasiyası istisna edilir) və ya digər rəqabətdəstəkləyici nəticələr yaratması;
– davranışın bu nəticələrə nail olunmasında yeganə seçim olması və ya rəqabəti daha az məhdudlaşdıran alternativin olmaması;
– rəqabəti dəstəkləyən nəticələrin rəqabətin məhdudlaşdırılmasının mənfi nəticələrindən üstün olması.

Hökmran mövqedən sui-istifadənin obyektiv zəruriliyinin və səmərəliliyinin qiymətləndirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Nəzərdə tutulmuş hallarda rəqabət orqanı eyni bazarda fəaliyyət göstərən rəqiblərin müqayisə oluna bilən xərclərini və satış qiymətlərini, yaxud digər müqayisə oluna bilən məlumatlarını əsas götürməklə, hökmran mövqedə olan təsərrüfat subyektinin ümumi xərclərini qarşılaya bilmədiyini, itkiyə yol verdiyini və ya öz mənfəətindən müəyyən müddət üçün imtina etdiyini, rəqiblərin isə öz müştərilərinə itkilərə yol vermədən xidmət göstərə bilmədiyini müəyyən edərsə, bu hökmran mövqedən sui-istifadə halının sübutu kimi qəbul edilir. Qeyd olunan hallar faktiki imtina ilə yanaşı, həmçinin dolayı imtina hallarına (məsələn müqavilə qiymətinin ağlabatan olmayan dərəcədə artırılması, məhsulun verilməsinin əsassız olaraq gecikdirilməsi və digər) da tətbiq olunur.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər