23 C
Baku
Thursday, October 10, 2024

Bazarda kiloqramı 30-35 qəpiyə təklif olunur, alıcılar isə qiyməti daha da “öldürür”

Qazax rayonunda qarğıdalının hazırda yığımı yekunlaşmaq üzrədir. Fermerlər biçinin gedişindən və məhsuldarlıqdan razıdırlar. Amma satışda müəyyən çətinliklər var. Belə ki, bu il qarğıdalının alıcısı azdır. Fermerlər məhsulu kimə satacaqlarını bilmirlər. Vaxtında satılmayan məhsul isə həm keyfiyyətini itirir, həm də qiyməti ucuzlaşır. Belə olan halda isə qazanc xərci ödəmir.

Rayonun Cəfərli kənd sakini olan fermer Şahin Mustafayev 10 ildən çoxdur qarğıdalı əkini ilə məşğul olduğunu deyib. Bu il də 10 hektardan çox sahədə qarğıdalı əkini aparıb. Məhsuldarlıq yüksəkdir. “Yaxşı aqrotexniki qulluq göstərildikdə qarğıdalı sahəsinin bir hektarından 70-80 sentner məhsul əldə etmək olur. Vaxtlı-vaxtında xəstəliklərə qarşı mübarizə aparmışıq və suvarılması vaxtında həyata keçirilib. Daha artıq sahədə qarğıdalı əkmək olar. Lakin qurutma sexləri olmadığına görə, qarğıdalını lazımi formada quruda bilmirik. Həmçinin emal sexləri olsa məhsulumuzu ora təqdim edərik. Məhz bu səbəblərdən də qarğıdalını az əkirik”, – deyə fermer Şahin Mustafayev bildirib.

Fermerlərin çıxılmaz vəziyyətindən istifadə edən alıcılar qiyməti daha da aşağı salırlar. Hazırda bazarlarda qarğıdalı dəninin 1 kiloqramı 30-35 qəpiyə təklif olunur ki, bu da orta hesabla 1 hektar üçün 1500 manat gəlir deməkdir. Fermerlər məhsulu saxlamaq üçün də çətinlik çəkdiklərindən məcbur qalıb elə məhsulu topladıqdan sonra satmalı olurlar.

Digər fermer Zülfü Adıgözəlov deyib ki, hazırda əkdikləri qarğıdalı “Pioner” sortudur və xaricdən baha gətirilir. O təklif edib ki, yerli toxum istehsalı və fermerlərə uyğun qiymətə satışı həyata keçirilsin. “İstəyirəm ki, öz yerli toxumlarımız olsun, onu əkək. Həmin toxumlar yerli şəraitə uyğun olsun və susuzluğa dözümlüyü və bol məhsul verməsi ilə seçilsin. Belə olduğu halda daha geniş ərazilərdə qarğıdalı əkə bilərik. Dəmyə şəraitində məhsul becərmişik”- deyə, fermer Z.Adıgözəlov vurğulayıb.

Fermerlər bildirir ki, əgər məhsulu uyğun qiymətə sata bilib qazanc götürsələr, gələn il də qarğıdalı əkəcəklər.

Qazax DAİM-in bitkiçilik sektorunun müdiri Barat Vəliyev təklif edib ki, bölgədə yağ emalı zavodu tikilib istifadəyə verilsə, qarğıdalı məhsulunu fermerlər həmin emal müəssisəsinə təhvil verərdi. Bu da fermerlərin məhsullarını satmaqda işlərini xeyli asanlaşdırardı. “Bu il hava şəraiti yağışlı olduğundan suvarma suyuna tələbat az oldu. Buna görə də məhsul da boldur. Xaricdən gətirilmiş hibrid toxumlar məhsuldar olduğundan fermerlər də bu toxumlardan istifadə edirlər. Yaxşı olar ki, ölkəmizdə seleksiyaçılar tərəfindən yerli toxumların yetişdirilməsinə xüsusi diqqət yetirilsin və belə olduğu halda fermerlərimiz də yerli toxumlardan istifadə edərdi”, – deyə DAİM-in bitkiçilik sektorunun müdiri B.Vəliyev söyləyib.

Qeyd edək ki, bu il Qazaxda 350 hektar sahədə qarğıdalı əkini aparılıb. Hər hektar üzrə 5 tondan artıq məhsul götürülüb.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər