Beynəlxalq Enerji Agentliyi (BEA) 2026-cı ildə qlobal neft tədarükünün artımı üzrə proqnozunu sutkada 2,4 milyon bareldən 1,1 milyon barelə endirib. BEA-nın hesabatına görə, Yaxın Şərqdə münaqişənin gərginləşməsi səbəbindən mart ayında qlobal neft tədarükləri sutkada 8 milyon barel azala və 2022-ci ilin əvvəlindən bəri ən aşağı səviyyəyə — 98,8 milyon barel/günə düşə bilər.
BEA hesab edir ki, Hörmüz boğazı vasitəsilə ixrac axınları demək olar ki, dayanıb. Agentliyin hesabatında qeyd olunur:
“Yaxın Şərqdə müharibə qlobal neft bazarlarının tarixində ən böyük tədarük pozuntusuna səbəb olur. İtkilərin miqyası münaqişənin nə qədər davam edəcəyindən və tədarük zəncirindəki fasilələrdən asılı olacaq”.
BEA-nın məlumatına görə, fevral ayında qlobal neft hasilatı sutkada 106,9 milyon barel təşkil edib. Bu, əvvəlki ayla müqayisədə 380 min barel/gün çoxdur. Artım əsasən OPEC+ üzvü olmayan ölkələrdə hasilatın 590 min barel/gün artması ilə bağlı olub. Eyni zamanda OPEC+ ölkələri hasilatı 210 min barel/gün azaldıblar.
11 martda BEA-ya üzv ölkələr Yaxın Şərqdəki münaqişə fonunda qiymət gərginliyini azaltmaq üçün strateji ehtiyatlardan dünya bazarına 400 milyon barel neft çıxarmaq barədə razılığa gəliblər. Bu həcm BEA ölkələrinin 1,2 milyard bareldən çox olan ümumi strateji ehtiyatlarının təxminən üçdə birinə bərabərdir.






