Beynəlxalq Enerji Agentliyi (BEA) Yaxın Şərqdəki hərbi münaqişə səbəbindən 2026-cı ildə dünya üzrə neft tələbi ilə bağlı proqnozunu aşağı salıb. Agentliyin hesabatına əsasən, neft tələbinin sutkada 418 min barel azalacağı gözlənilir.
BEA aprel proqnozu ilə müqayisədə tələbat üzrə gözləntilərini sutkada 334 min barel pisləşdirib. Apreldə agentlik tələbin sutkada 84 min barel azalacağını proqnozlaşdırırdı, halbuki bundan əvvəl artım gözlənilirdi.
Yeni proqnoz Yaxın Şərqdəki münaqişə başlamazdan əvvəl verilmiş qiymətləndirmə ilə müqayisədə sutkada 1,3 milyon barel aşağıdır.
BEA dünya üzrə neft istehlakında ən böyük azalmanın ikinci rübdə baş verəcəyini gözləyir. Agentliyin hesablamalarına görə, bu dövrdə azalma sutkada 2,45 milyon barel təşkil edəcək. Daha əvvəl isə həmin üç ay üzrə azalma proqnozu 1,5 milyon barel idi.
Agentlik 2026-cı ildə qlobal neft tələbinin sutkada 104 milyon barel olacağını proqnozlaşdırır. Müqayisə üçün, ötən il bu göstərici 104,342 milyon barel təşkil edib.







