2025-ci ilin nəticələrinə görə, qlobal səviyyədə kömür hasilatının həcminin 2024-cü il səviyyəsinə çatacağı gözlənilir.
Bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatında bildirilib.
“2025-ci ildə qlobal kömür istehsalının 2024-cü ildə əldə edilən tarixi maksimuma çatacağı proqnozlaşdırılır. 2025-ci ilin birinci yarısında Çində kömür istehsalı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 6 faiz artıb”, – deyə hesabatda vurğulanıb.
BEA Çində kömür istehsalının 2025-ci ildə ümumilikdə 1 faiz artacağını gözləyir. Hindistanda son illərdə kömür istehsalında müşahidə olunan artım yavaşlayacaq. İndoneziyada kömür istehsalı COVID-19 pandemiyasının başlanmasından bəri ilk dəfə azalacaq. Amerika Birləşmiş Ştatlarında isə daxili tələbat sayəsində kömür istehsalı artacaq.
Hesabata əsasən, əksər bölgələrdə əhəmiyyətli kömür ehtiyatları və zəif qlobal tələbat nəzərə alınmaqla, qlobal kömür istehsalının 2030-cu ilə qədər bir qədər azalacağı proqnozlaşdırılır.






