8 C
Baku
Thursday, December 12, 2024

BEA: 2030-cu ilədək bərpa olunan enerji istehsalı 2.5 dəfə artacaq

COP28 iqlim konfransında qeyd edildiyi kimi, 2030-cu ildə bərpa olunan enerji istehsalı 2.5 dəfə arta bilər. Buna nail olmaq üçün hökumətlər təmiz enerjiyə qoyulan sərmayələrin həcmini artırmalıdır. Bu proqnoz Beynəlxalq Enerji Agentliyinin (BEA) bərpa olunan enerji istehsalı üzrə 2024-cü il hesabatında yer alıb.

Hesabatda qeyd olunub ki, ötən il dünyada 2022-ci illə müqayisədə 510 qiqavat bərpa olunan enerji mənbəyi dövriyyəyə qoşulub ki, bunun da 75 faizi günəş enerjisi hesabına təmin edilib. Bu sahədə ən avanqard ölkə Çindir, eyni zamanda, Avropa İttifaqı, ABŞ və Braziliyada da rekord göstəricilər əldə olunub. 2028-ci ilədək qlobal miqyasda bərpa olunan enerji istehsalının həcmi 7 min 330 qiqavata, 2030-cu ilədək isə 11 min qiqavata çatacaq. Təmiz enerji istehsalının 95 faizi günəş və külək enerjisinin payına düşəcək və bu mənbələr elektrik enerjisi istehsalında ən böyük material olan kömürü geridə qoyacaq.

BEA-nın rəhbəri Fatih Birol yeni hesabata verdiyi şərhdə qeyd edib ki, hökumətlər bu məqsədlərə nail olmaq üçün lazım olan vasitələrə malikdir. Onun sözlərinə görə, hazırda inşa edilən günəş və külək elektrik enerji stansiyaları qazıntı yanacağı ilə işləyən stansiyalardan daha ucuz başa gəlir.

F.Birol bu istiqamətdə mövcud olan problemlərdən də bəhs edib. O, makroiqtisadi çətinlikləri xüsusi olaraq qeyd edərək deyib: “ Zənnimcə, beynəlxalq ictimaiyyət üçün ən böyük problem inkişaf etməkdə olan ölkələrdə bərpa olunan enerji istehsalına yetərincə maliyyə vəsaiti ayrılmamasıdır. Həmin ölkələrin əksəriyyəti təmiz enerji iqtisadiyyatında geridə qalır. Qlobal miqyasda hədəflərə nail olunması müəyyən dərəcədə bu problemin həllindən asılı olacaq”.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər