Birləşmiş Ərəb Əmirlikləri süni intellekt (AI) vasitəsilə yeni qanun layihəsi hazırlamaq, habelə mövcud qanunları nəzərdən keçirmək və onlara düzəliş etmək niyyətindədir. Bu barədə “Financial Times” qəzeti yazır.
Qəzet qeyd edir ki, bu qərar dövlətin milyardlarla dollar sərmayə qoyduğu süni intellektdən istifadə etmək üçün ən radikal cəhddir.
Baş nazir Şeyx Məhəmməd bin Rəşid Əl Maktum bildirib ki, süni intellektlə işləyən qanunvericilik sistemi qanunların yaradılması prosesini dəyişdirərək, onu daha sürətli və dəqiq edəcək. O, qanunvericiliyə mütəmadi olaraq dəyişiklik təklif edəcəyini də vurğulayıb. Nazirlər Kabinetinin iclasının hesabatına görə, BƏƏ hökuməti süni intellektin qanunların qəbulunu 70% sürətləndirəcəyini gözləyir.
Qəzet yazır ki, BƏƏ qanunların ölkə əhalisinə və iqtisadiyyatına necə təsir etdiyini izləmək üçün süni intellektdən istifadə etməyi planlaşdırır. Federal və yerli qanunların, habelə məhkəmə qərarları və hökumət xidmətləri kimi ictimai sektor məlumatlarının məlumat bazalarının yaradılması gözlənilir.
Ölkə hökumətinin hansı süni intellekt sistemindən istifadə edəcəyi hələlik bəlli deyil. Mütəxəssislər bunun bir neçə sistemin birləşməsini tələb edə biləcəyini deyirlər.