Ukrayna və BƏƏ arasında hərtərəfli iqtisadi tərəfdaşlıq sazişi imzalanıb. Bu barədə bazar ertəsi əmirliyin “WAM” xəbər agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə, imzalanma mərasimində BƏƏ prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan və Ukrayna prezidenti Volodimir Zelenski iştirak ediblər.
Müqaviləni BƏƏ-nin xarici ticarət üzrə dövlət naziri Tani bin Əhməd Əl Zeyudi və Ukraynanın maliyyə naziri Yuliya Svırıdenko imzalayıb. İmzalanma mərasimində hər iki ölkənin liderləri iştirak ediblər. “WAM”ın yazdığı kimi, onlar sazişin hər iki tərəfin maraqlarına uyğun olaraq iqtisadi əlaqələrin genişlənməsinə töhfə verəcəyinə əminliklərini ifadə ediblər.
“WAM”ın məlumatına görə, saziş iki ölkə arasında ticarət, investisiya və iqtisadi əməkdaşlıq üçün yeni imkanlar açmaq məqsədi daşıyır. Müqavilə Ukraynanın BƏƏ-dən idxal etdiyi malların 99%-nin, o cümlədən Ukraynanın BƏƏ-yə ixracının 97%-nin gömrük rüsumlarından azad ediləcəyini nəzərdə tutur.
Sazişin 2031-ci ilədək BƏƏ-nin ÜDM-ni 369 milyon dollar, Ukraynanın ÜDM-ni isə 874 milyon dollar artıracağı gözlənilir. Bu sazişin infrastruktur, ağır sənaye, aviasiya, aerokosmik və informasiya texnologiyaları kimi sektorlarda əməkdaşlıq imkanları yaradacağı planlaşdırılır. Qeyd edək ki, 2024-cü ildə Kiyev və Əbu-Dabi arasında qarşılıqlı ticarətin həcmi 372.4 milyon dollar təşkil edib.