BƏƏ-də dörd yeni kateqoriya üzrə viza tətbiq edilib. Yeni qaydalara görə, süni intellekt sahəsində çalışan mütəxəssislər müvafiq təşkilat və ya sponsor dəvəti olduqda xüsusi birdəfəlik və ya çoxdəfəlik viza ilə BƏƏ-yə daxil ola biləcəklər.
Yük maşını sürücüləri üçün də ayrıca viza nəzərdə tutulub — bunun üçün yerli işəgötürən, tibbi sığorta, rüsumların ödənilməsi və digər maliyyə təminatları tələb olunur.
Əcnəbi sahibkarlar üçün BƏƏ-də biznes imkanlarını öyrənmək məqsədilə müraciət edilən vizaya yeni şərtlər əlavə olunub: onlar ölkə xaricində analoji fəaliyyətlə məşğul olduqlarını və ya kifayət qədər maliyyə imkanlarına sahib olduqlarını təsdiqləməlidirlər.
Qonaq vizaları üçün də artıq maliyyə zəmanəti tələb olunur. Belə ki, qohum və dostların dəvəti ilə gələn şəxs gəlirini təsdiqləməlidir. Tələblər qohumluq dərəcəsinə görə dəyişir və minimum 8 min dirhəmdən 15 min dirhəmə qədər təşkil edir.
Yeni şərtlərə görə, qaçqınlar BƏƏ-də bir il müddətinə “humanitar” yaşayış icazəsi ala bilərlər. Bu icazə dəvətçi tərəf olmadan da verilə və uzadıla bilər, lakin ölkədən çıxış zamanı qüvvədən düşəcək.
Düzəlişlər həmçinin dul və boşanmış qadınlara da yaşayış icazəsi almaq imkanı verir — onların BƏƏ vətəndaşı və ya ölkədə yaşayan əcnəbi ilə evli olub-olmamasından asılı olmayaraq.