Belarus oktyabrın güclərini tamamlamaq üçün Azərbaycandan neft tədarük edib

“Belarus oktyabr ayının güclərini tamamlamaq üçün sentyabrda bir tanker partiyası Azərbaycan nefti tədarük edib”.

“BelTA”ya istinadən xəbər verilir ki, bunu cümə axşamı jurnalistlərə Belarusun “Belneftexim” konserninin mətbuat katibi Aleksandr Tişenko deyib.

O qeyd edib ki, Belarus oktybarda neft emalı zavodlarında emal üçün 1,7 milyon ton, o cümlədən Rusiyadan 1,65 milyon ton neft tədarük etməyi planlaşdırır.

Qeyd edək ki, Moskva və Minsk yalnız mart ayının sonlarında Belarusa tədarük olunan Rusiya neftinin qiymətinin formalaşması barədə razılığa gəlib. Bundan əvvəl isə yalnız Rusiyanın “Safmar” qrupu tədarükü davam etdirirdi. Belə olan halda Belarus Səudiyyə Ərəbistanı, Norveç, Azərbaycan və ABŞ-dakı alternativ tədarükçülərdən neft almağa başlayıb.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) mart ayından etibarən Odessa limanı və “Odessa-Brodı” neft kəməri vasitəsilə “Belneftexim”in Mozırski neft emalı zavoduna Azərbaycan neftinin partiyalarını tədarük etməyə başlayıb. “Belneftexim”dən bildiriblər ki, SOCAR 2020-ci ildə Belarusu milyon tona qədər neftlə təchiz edə bilər.