Belçika müdafiə xərclərini 1 milyard avro artıracaq.
Bu barədə Belçikanın Baş naziri Aleksandr De Kroo Brüsseldə NATO sammitindən sonra bildirib.
Onun sözlərinə görə, qoşunların döyüş qabiliyyətini və hazırlığını artırmaq üçün 2022-2025-ci illər üçün Müdafiə Nazirliyinə daha 1 milyard avro ayrılacaq.
De Kroo xatırladıb ki, NATO münaqişədə iştirak etmir və alyansın ona qoşulmaması üçün hər şey edilməlidir. Eyni zamanda, Baş nazir dünyada baş verən yeni geosiyasi reallıqda alyansın və ölkəsinin müdafiə qabiliyyətinin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Qeyd edilir ki, NATO ölkələri hər il ÜDM-in 2%-dən çoxunu müdafiəyə xərcləməlidir. Belçika hazırda ÜDM-in 1,2%-ni xərcləyir və yeni maliyyələşdirmə ilə bu rəqəm 1,54%-ə yüksələcək.