Benzin və dizel yanacağında müşahidə olunan qiymət artımı taksi tariflərinə də təsir edə bilər.
Mütəxəssislər hesab edirlər ki, ümumi olaraq yanacaq qiymətində dəyişiklik əksər sahələrdə qiymətlərə paralel artım təsiri göstərir. Yanacağın qiymətində dəyişiklik az olsa da, təsir edəcəyi sahələrdə də qiymət artımı qaçılmazdır.
Ekspertlər bildirib ki, yanacaq qiymətindəki artım daşıyıcı şirkətlərdəki gedişhaqqı qiymətinə birbaşa təsir edəcək. Lakin qiymət artımı ilk olaraq taksilərdə müşahidə oluna bilər ki, bunun da əsasən səbəbi taksi xidmətinin özəl daşıyıcı şirkətlər tərəfindən göstərilməsidir.
Məsələ ilə bağlı “Bolt” daşıyıcı şirkətindən bildirilib ki, artımla bağlı hazırda dəqiq qərar və ya məlumat yoxdur. “Uber”dən isə bildirilib ki, müvafiq təhlillər aparıldıqdan sonra tariflərdə qiymət artımının olub-olmayacağı ilə bağlı qərar veriləcək.







