11 C
Baku
Sunday, November 17, 2024

Benzinin qiyməti dəyişə bilər?

Son günlər Azərbaycanda benzinlə bağlı əsasən iki xəbər yayılıb: Rusiya benzin ixracını dayandırır və ölkəmizdə benzin idxalına tətbiq edilən aksiz vergisi minimuma endirilib. Bəs, bu xəbərlər neft ölkəsi olan Azərbaycan üçün nə əhəmiyyət daşıyır?

Rusiya benzin ixracını müəyyən ölkələr (Avrasiya İttifaqı ölkələri, Özbəkistan, Monqolustan və s.) istisna olmaqla mart ayının 1-dən avqustun 31-dək dayandırıb. Vurğulanıb ki, məqsəd neft emalı zavodlarının təmiri dövründə daxili tələbatın ödənilməsidir. Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirib ki, dizelin ixracının dayandırılması nəzərdə tutulmur.

Rusiyanın benzin ixracını dayandırdığı ölkələr arasında Azərbaycan da var. Təkcə 2023-cü ildə Azərbaycanın xaricdən aldığı “Aİ-95” markalı benzinin 47 faizi, “Aİ-92”nin 27 faizi, “Aİ-98”in isə 18 faizi bu ölkənin payına düşüb. Bu da o deməkdir ki, benzin idxalı Rusiya ilə məhdudlaşmır. Qarşıdakı dövrdə bu hissələr digər ölkələrin payına düşəcək. Belə ki, 2023-cü ildə Azərbaycan “Aİ-92” markalı benzini, eyni zamanda, Litva və Türkmənistandan, “Aİ-95”i Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Belarus, Rumıniya, Yunanıstan, Gürcüstandan və “Aİ-98”i  Belarus, Rumıniya və Gürcüstandan alıb (ABŞ-dən də idxal həyata keçirilsə də, miqdarı çox kiçik olub).

son25

Cədvəldən göründüyü kimi, Rusiyadan benzin idxalı digər ölkələrlə müqayisədə xeyli ucuz başa gəlir. Bu baxımdan Nazirlər Kabinetinin yanacaq idxalını 2024-cü ilin sonunadək aksiz vergisi və gömrük rüsumundan azad edilməsini nəzərdə tutan qərarı daxili bazarda qiymət artımının qarşısını almaq məqsədi daşıyır. Lakin qərar yalnız “Aİ-92” markalı benzin və dizel idxalına şamil olunur. Hərçənd ki, bu yanacaq növlərinə tələbatın əksər hissəsi yerli istehsal hesabına ödənilir.

“Aİ-95”ə gəldikdə, bu markalı benzin Azərbaycana xaricdən gətirilir. Ötən il idxalın bir tonunun orta qiyməti 966.8 dollar təşkil edib. Rusiyadan sonra ölkəyə ən çox “Aİ-95” markalı benzin Belarusdan idxal edilir. 2023-cü ildə idxalın 25 faizi bu ölkənin payına düşüb. Rusiyadan olduğu kimi, Belarusdan da “Aİ-95” idxalının qiyməti ölkə üzrə orta qiymətdən aşağı olub. Lakin təcrübə onu göstərir ki, ölkə üzrə bu markalı benzinin qiyməti xarici bazarlardakı dəyişikliklərə həssasdır.

Ölkə üzrə istehlakı digər markalı benzinlərlə müqayisədə xeyli aşağı olan “Aİ-98” də xaricdən gətirilir. Bu baxımdan onun qiyməti də xarici bazarlardakı dəyişikliklərə bağlıdır. “Aİ-98” markalı benzin ölkəyə əsasən Rumıniyadan idxal olunur.

Rusiyanın benzin ixracına qoyduğu qadağa isə uzun müddət davam etməyə bilər. A.Novakın sözlərinə görə, ixrac məhdudiyyətinin vaxtından əvvəl ləğv edilməsi istisna deyil.

Qeyd edək ki, Rusiya 2023-cü ilin sentyabrın 17-dən noyabrın 22-dək müddətdə də benzin ixracına qadağa qoymuşdu.

Son xəbərlər
Digər xəbərlər