Milyarder Uorren Baffetin investisiya şirkəti “Berkshire Hathaway Inc” keçən həftə “Bank of America Corp”un səhmlərini satıb. Satışın dəyəri 1.5 milyard dollar təşkil edib.
Şirkətin ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) göndərdiyi sənədlərə əsasən, son üç iş günü ərzində “Berkshire” 34 milyon “Bank of Americ”a qiymətli kağızı satıb.
“Berkshire” hazırda “Bank of America”nın təxminən 999 milyon səhminə (12.8%) sahibdir, paketin ümumi dəyəri təxminən 42.9 milyard dollardır.
Bu ilin əvvəlindən bankın səhmləri 27.4% bahalaşıb. Cümə günü bazarın bağlanışında onların qiyməti 42.9 dollar olub.
“Berkshire” “Bank of America”nın ən böyük səhmdarıdır. “MarketWatch” qeyd edir ki, bankın səhmlərinin satışı ilə bağlı xəbərlər bazar ertəsi onların azalmasına səbəb olacaq, çünki Baffetin investisiya şirkəti hər hansı şirkətlərdə böyük payları azaltmağa başlayanda çox vaxt səhmləri bir neçə mərhələdə satır.