Amerikalı milyarder Uorren Baffetə məxsus investisiya şirkəti “Berkshire Hathaway” üçüncü rübdə ümumi dəyəri 12,5 milyard dollar olan səhm satıb və 6,4 milyard dollarlıq səhm alıb. Bununla da şirkət ardıcıl 12-ci rüb net-satıcı kimi çıxış edib.
Xüsusilə, “Berkshire” “Apple Inc.” şirkətinin 41,8 milyon səhmini satıb. İnvestisiya şirkətinin ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) təqdim etdiyi sənədlərə görə, satılan paketinin dəyəri ötən cümə gününün bağlanış qiymətlərinə əsasən 11,4 milyard dollar təşkil edib.
“Apple”daki payını azaltmağa davam etməsinə baxmayaraq, Baffetin şirkəti hələ də şirkətin təxminən 60 milyard dollar dəyərində səhm portfelinə sahibdir. Bundan əlavə, “Berkshire” “American Express Co.”, “Bank of America Corp.” və “Chevron Corp.”da da böyük paylara malikdir.
Keçən rübdə “Berkshire” həmçinin “Bank of America”dakı yatırımlarını azaldıb və tikinti şirkəti “D.R. Horton Inc.”dən tamamilə çıxıb.
Bununla yanaşı, şirkət “Alphabet Inc.”in 17,8 milyon səhmini (təxminən 4,3 milyard dollar dəyərində) əldə edib. Üçüncü rübdə “Alphabet”in gəliri 16% artıb, ilbaşından bəri şirkətin kapitallaşması təxminən 1,5 dəfə yüksəlib.
“Berkshire” həmçinin “Chubb”, “Domino’s Pizza”, “Sirius XM Holdings” və “Lennar” şirkətlərinin səhm yatırımlarını artırıb, “Amazon.com Inc.” və “UnitedHealth Group”dakı mövqelərini isə saxlayıb.
“Berkshire”in B sinfi səhmləri ilbaşından bəri 12% bahalaşıb, halbuki S&P 500 indeksi təxminən 14% artıb.
Bundan əvvəl məlum olmuşdu ki, Uorren Baffet özünün yaratdığı investisiya şirkəti “Berkshire Hathaway Inc.”in təxminən dəyərində səhmlərini dörd ailə xeyriyyə təşkilatına bağışlamağı planlaşdırır.








