İtaliyanın keçmiş baş naziri və “Forza Italia” partiyasının qurucusu, iyunun 12-də səhər saatlarında vəfat edən Silvio Berluskoninin mirası təxminən 4 milyard avro dəyərində qiymətləndirilib, Banker.az bu barədə RBC-ya istinadən xəbər verir.
Berluskoninin əsas aktivlərinə 1978-ci ildə yaratdığı “Fininvest” media qrupunun 61%-lik payı daxildir. Qalan səhmlər onun övladlarına məxsusdur. 2021-ci il üçün ən son hesabata görə, şirkətin xalis gəliri 4.9 milyard avro təşkil edib. “Corriere della Sera” hesablayıb ki, Berluskoninin hər gün qrupun fəaliyyətindən (son 2000 gün ərzində hesablanıb) 170 min avro gəliri var.
İtaliyanın keçmiş baş nazirinin ölkə daxilində ondan çox villası, Roma və Milanda mənzilləri və digər mülkləri var. “Corriere della Sera” yazır ki, onun Audi A17 avtomobili və üç gəmisi var.
Miras “Satispay” və “Soldo” kimi rəqəmsal şirkətlərə investisiyaları da əhatə edəcək. Bundan başqa, materialda Berluskoninin sahib olduğu üç təyyarə və bir helikopterdən də bəhs edilir.