10 C
Baku
Thursday, December 12, 2024

Beş aylıq müddət bitdi, “exchange”lər niyə bərpa olunmur?

Uzun müddətdir ki, ölkədə valyutadəyişmə məntəqələrinin fəaliyyəti dayandırılıb. Hazırda banklarda valyuta dəyişmək mümkün olsa da, bankların fəaliyyət göstərmədiyi şənbə və bazar günləri pullarını dəyişmək istəyən yerli və xarici vətəndaşlar çətin vəziyyətdə qalırlar. Xüsusilə də nəzərə alsaq ki, yay aylarıdır və ölkəmizə turist axınının tempi yüksəkdir, o zaman hazırkı zamanda valyutadəyişmə məntəqələrinə tələbatın daha böyük olduğunu söyləmək olar. Valyutadəyişmə məntəqələrinin bərpası barədə bu ilin aprel ayında Milli Məclisdə də müzakirələr aparıldı və deputatlar da bildirdilər ki, bu məntəqələr bərpa edilməlidir.

İqtisadçı-ekspert Rəşad Həsənov qəzetə açıqlamasında bildirib ki, problem qısa müddət ərzində müəyyən qədər öz həllini tapacaq:

“Çünki bununla bağlı artıq qanunvericilik bazasının təkminləşdirilməsi istiqamətində müəyyən addımlar atılır. Eyni zamanda normativlərin hazırlanması üçün də təxminən 5 ay vaxt verilmişdi. Artıq bu vaxt da bitmək üzrədir. Ona görə də normativlər tam hazır olduqdan sonra valyutadəyişmə məntəqələrinin şəhərdə yaradılmasını müşahidə edəcəyik. Ancaq bu məntəqələr düşünürəm ki, əvvəlki illərdə olduğu kimi hər döngədə olmayacaq. Çünki şərtlər ağırlaşdırılıb və ilkin kapital tələbi də ortaya çıxıb.

Bu kapitalı faktiki olaraq müxbir hesablarda yerləşdirməyən fiziki və hüquqi şəxslər valyutadəyişmə məntəqlərini aça bilməyəcəklər. Çünki qeyd etdiyim kimi məbləğ kifayət qədər iridir. Ancaq buna baxmayaraq artıq növbəti dövrlərdə valyutadəyişmə məntəqələrinin açılmasını müşahidə edəcəyik ki, bu da valyuta əlçatanlığını göstərməklə, bazarda rəqabətliliyi də artıracaq. Eyni zamanda gələcək dövrlərdə hər hansı bir müəyyən qıtlığın hiss edildiyi vaxtlarda vəziyyətdən sui-istifadə edərək tətbiq olunan marjanın da kəskin şəkildə artırılmasını əngəlləyəcək.

Bu da realdır ki, turizm sektoru üçün də bu, kifayət qədər əhəmiyyətli bir sahədir. Çünki faktiki olaraq valyutadəyişmə əlçatanlığının aşağı olması bir sıra hallarda ölkədə nəzərdə tutulan qədər vəsaitin xərclənməməsinə gətirib çıxarır. Təsəvvür edin ki, ancaq bank filialları tapılmalı və müəyyən edilmiş yerlərdə valyutanın dəyişdirilməsi həyata keçirilməlidir. Turist öz nəzərdə tutduğu vəsaitini konvertasiya edib və xərcləyir, daha sonra isə hər hansı bir digər xərc ortaya çıxdıqda isə ola bilsin valyutanın yenidən dəyişdirilməsinin çətinliyini nəzərə alaraq bu xərclərdən imtina edir.

Həmçinin qeyd etdiyimiz kimi bu, turizm üçün liberal mühitin şərtlərini ağırlaşdıran faktordur. O baxımdan da növbəti günlərdə və həftələrdə artıq bu problemin müəyyən bir qisminin həll ediləcəyini düşünürəm”.

İqtisadçı-ekspert Qubad İbadoğlu mövzu ilə bağlı “Yeni Müsavat”a bildirib ki, valyutadəyişmə məntəqələrinin bağlanmasının özü yanlış qərar olub:

“Təbii ki, tənzimlənməyə ehtiyac var idi, ancaq məntəqələri ucdantutma bağlamaq da doğru deyildi. İndiki halda düşünmürəm ki, prosesə yalnız lisenziya məsələsi “tormuzlayıcı” təsir göstərir. Valyutadəyişmə məntəqələrinin fəaliyyətinin bərpa olunması hesab edirəm ki, daha çox valyuta bazarının hələ tam formalaşmamasının göstəricisidir. Çünki Mərkəzi Bank istəyir ki, bazara daxil olan valyutanı nəzarətdə saxlasın və bunu, banklar vasitəsilə etmək daha rahatdır. Bank dövriyyəsində bu proses demək olar ki, tam şəkildə Mərkəzi Bankın nəzarətindədir. Hesab edirəm ki, valyutadəyişmə məntəqələrinin bərpa olunmamasının səbəbi də elə bununla əlaqəlidir ki, proses nəzarətdən çıxa bilər. Məlumdur ki, Azərbaycanda turizm sezonu əsasən yay mövsümündə, bayramlarda daha çox müşahidə olunur. Əgər məntəqələrin bərpası ilə bağlı qərar qəbul olunmayacaqsa, inanmıram ki, bu il ərzində valyutadəyişmə məntəqələrinin bərpası ilə bağlı müvafiq qərar qəbul edilsin. Valyutadəyişmə məntəqələrinin alternativinin yaradılması məsələsini də real qəbul etmirəm. Çünki bu, infrastruktur problemidir. Onun üçün texniki təchizat olmadır və bu səbəbdən də inanmıram ki, digər variantlardan istifadə edilsin”.

Son xəbərlər
Digər xəbərlər