3 C
Baku
Saturday, December 14, 2024

“Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu yaradılır – Sərəncam

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun yaradılması haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycanın unikal təbiət abidələrindən olan Siyəzən rayonunun Qalaşıxı kəndi ərazisindəki Beşbarmaq dağının ətrafında dövlət mühafizəsinə götürülmüş bir sıra tarix və mədəniyyət abidələri (son tunc – ilk dəmir dövrünə aid yaşayış yeri, Xızırzində piri, ilk orta əsrlərə aid qala qalıqları, XV-XVII əsrlərə aid karvansara qalıqları) yerləşir.

İlk orta əsrlərə aid Beşbarmaq paralel müdafiə səddi “Xəzər sahil mühafizə konstruksiyaları” daxilində 2001-ci il oktyabrın 24-də UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi-Mədəni İrsin İlkin Siyahısına daxil edilmişdir.

Beşbarmaq dağının Azərbaycan tarixi və mədəni irsi üçün əhəmiyyətini nəzərə alaraq, ətraf ərazilərdə mədəni və təbii irsin qorunması, habelə burada turizmin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Siyəzən rayonunun Qalaşıxı kəndində yerləşən Beşbarmaq dağı təbiət abidəsinin ərazisi “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu elan edilsin.

2. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun idarə olunmasını təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Siyəzən Rayon İcra Hakimiyyəti ilə birlikdə iki ay müddətində “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun sərhədini və mühafizə zonasını müəyyənləşdirib təsdiq etsin;

3.2. “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun ərazisinin xüsusi rejimini üç ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

4. “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun fəaliyyəti ilə bağlı tələb olunan zəruri xərclər Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilsin”.

Son xəbərlər
Digər xəbərlər