“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin nizamnamə kapitalının 600 milyon manat məbləğində artırılması məqsədilə Bankın səhmlərinin emissiyası prosesi başa çatıb. Nəticələr haqqında hesabat 23 yanvar 2017-ci il tarixində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasında qeydiyyata alınıb.
Emissiya, hər birinin nominal dəyəri 27 qəpik olan 2222222223 ədəd adi, sənədsiz adlı səhmlə həyata keçirilib. Beləliklə, Bankın səhmlərinin ümumi sayı 4 597360 178-ə çatıb.
Nizamnamə kapitalının 1.241,287,248.06 manata qədər artırılması Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması tədbirləri çərçivəsində yerinə yetirilir. Bankın kapitalının gücləndirilməsi istiqamətində atılan addımlardan biri kimi bu qərar aktivlərin artımı ilə kapitalın adekvatlığı arasında nisbəti təmin etmiş olacaq.
Regionun maliyyə bazarında 25 ildir ki, mövcud olan Azərbaycan Beynəlxalq Bankında hazırda yeni idarəedici komandanın rəhbərliyi ilə maliyyə-təşkilati sağlamlaşdırma tədbirləri həyata keçirilir, Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli müvafiq Fərmanında qarşıya qoyulmuş vəzifələr yerinə yetirilir.