12 C
Baku
Saturday, November 23, 2024

Beynəlxalq ödəniş sistemləri    

Beynəlxalq ödəniş sistemləri maliyyə vəsaitlərinin (pul, çek, qiymətli kağızlar, şərti ödəniş vahidləri) elektron və ya real formada köçürülməsini həyata keçirir. Ödəniş sistemi iqtisadiyyatın bir subyektindən digərinə dəyərin köçürülməsi üçün müəyyən proseduralar, qaydalar və texniki infrastrukturlar qrupudur. Ödəniş sistemi iştirakçıları arasında maliyyə əməliyyatları və qarşılıqlı hesablaşmaların aparılması prosedurunu müəyyən edən təsdiq edilmiş bir sıra qaydalar, hesablama metodları, ümumi və lokal standartlar mövcuddur.

Beynəlxalq ödəniş sistemlərinin qarşısında duran əsas vəzifə beynəlxalaq əməliyyatların təhlükəsiz, etibarlı, fasiləsiz, stabil və effektiv həyata keçirməyi təmin etməkdir. Bu sistemlər beynəlxalq səviyyədə fəaliyyət göstərir və dünyanın müxtəlif ölkələrində öz maliyyə xidmətlərini göstərirlər. Hazırda qlobal tendensiya sərhəd tanımayan universal beynəlxalq ödəniş sistemlərinə əsaslanan iqtisadiyyatın bütün proseslərinin sürətlənməsini tələb edir. Elektron ticarətin inkişaf etdiyi bir zamanda beynəlxalq elektron ödəniş sistemlərinin rolu əvəzolunmazdır.  

Ödəniş sisteminin iştirakçıları 4 qrupa bölünür:

  • Satıcı – əmtəə və ya xidməti təklif edən mağaza və ya fərdi şəxs
  • Alıcı – əmtəə və ya xidməti alan şəxs
  • Bank – ödənişlərin mövcud qanunvericiliyə uyğun olmasını təmin edən qurum
  • Prossesinq təşkilatı – əməliyyatların həyata keçirilməsi zamanı digər iştirakçıar arasındakı vasitəçi.

Hazırda beynəlxalq ödəniş sistemlərinin 3 əsas növü var:  kart, elektron və universal ödəniş sistemləri. Dünyada daha çox populyar olan beynəlxalq kart ödəniş sistmləri aşağıdakılardır:

  • Visa İnternational
  • MasterCard İnternational
  • American Express
  • Diners Club İnternational
  • JCB Card

    Bu maliyyə qiqantları beynəlxalq ödəniş sistemlərinin ümumi qaydalarını təsdiqləyir, sisteminin fəaliyyətini öyrənir və tənzimləyirlər. Bundan əlavə ödəniş sistemlərinin mərkəzi ofisləri qabaqcıl texnologiyaların tətbiqi və informasiya əlaqələrinin genişləndirilməsi üçün resurslar toplayır və sistemin təkminləşdirilməsi üzərində tədqiqatlar aparırlar.

Beynəlxalq ödəniş kartları sistemləri aşağıdakı funksiyaları yerinə yetirir:

  • Assosiasiyanın loqosu ilə plastik kartlar istehsalına lisenziyalar vermək;
  • Maliyyə əməliyyatları üçün norma, limit və qaydalar hazırlamaq;
  • Beynəlxalq və milli avtomatlaşdırılmış sistemlərin və hesablaşmaların düzgün işləməsini təmin etmək;
  • Sistem iştirakçılarının maliyyə məlumatlarının emal edilməsi və transfer üzrə komissiyaların ödənilməsini təmin etmək;
  • Kart əməliyyatları üzrə borcların tam ödənilməsi prosesinin kordinasiya edilməsi;
  • Patent və mülkiyyət hüquqlarının qorunması;
  • Ödəniş sisteminin fəaliyyətini mütamadi olaraq təhlil etmək, yeni maliyyə məhsullarının yaradılması və inkişaf etdirmək.

Elektron ödəniş sistemi nağdsız ödəmələr etməyə, müqavilələr bağlamağa, vəsaitlərin alıcının hesabından satıcının hesabına və ya bank hesabına köçürülməsinə imkan yaradır. Bu prosesi həyata keçirmək üçün kodlaşdırma və informasiyaların avtomatik emalı istifadə olunur. Elektron valyuta ilə işləyən sistemlər bank ödəniş sistemlərindən daha sadədir. Onlara qoşulmaq üçün texniki provayderə ehtiyacları yoxdur çünki onlar özləri bu funksiyanı yerinə yetirir.

İnternetdə istifadə olunan ən məşhur elektron ödəniş sistemləri – PayPal, WebMoney Transfer, QIWI, Skrill, Perfect Money, Яндекс.Деньги, EasyPay, MoneyMail, Payeer, ePayments, Advanced Cash. Bu tip sistemləri internetdə elektron ödənişlərin həyata keçirilməsi, rəqəmsal valyutanların (kriptovalyuta) mübadiləsi, onlayn oyunlar üzrə ödənişlərin aparılmasında daha effektivlidir.

Əsas üstünlükləri: qeydiyyatın sadə olması, mobil tətbiqlərin mövcudluğu, texniki dəstək xidmətinin operativliyi. Mənfi cəhətləri: əməliyyatların adətən yalnız dollar, avro və rublda olması, mübadilə üzrə komissiyaların nisbtən yüksək olması. Nəzərinizə çatdırım ki, bu ödəniş sistemlərinin beynəlxalq ödəniş kartlarının loqosu ilə buraxılmış öz plastik kartlarını sifariş vermək mümkündür. Lakin bu kartların bəzən konkret region və ya müəyyən ölkələr üzrə istifadəsinə məhdudiyyətlər qoyulur. Misal üçün, Payeer və Advanced Cash sistemləri 2018-ci ilin yanvar ayından MDB ölkələri vətəndaşları üçün kart sifarişi və istifadəsini dayandırıb.

Elə prossesinq sistemləri də var ki, MasterCard/Visa ilə işləməklə bərabər müxtəlif elektron ödəniş sistemlərini də inteqrasiya edə bilir. Onlar öz müştərilərinə eyni zamanda bir neçə ödəniş variantları (ödəniş vasitəçiləri və elektron cüzdanlar) təklif edir.

Müəllif
Elnur Quliyev
Crypto Consulting

Son xəbərlər
Digər xəbərlər