“Beynəlxalq Sığorta Şirkəti” ASC-nin ləğv edilməsi ilə bağlı yaradılmış komissiya artıq işə başlayıb. Bu barədə açıqlamasında komissiyanın sədri, Şirkətin 100% səhmdarı olan “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) baş direktoru Hidayət Sultanov məlumat verib.
Onun sözlərinə görə, hazırda ləğvetmə komissiyasının tərkibinə daxil olan ABB-nin 5 təmsilçisi, eləcə də BSŞ-nin 27 işçisi sığorta öhdəliklərinin icrası ilə məşğuldur: “Sığorta hadisələri baş verdikcə aktlaşdırılır və ödəniş verilir. Şirkət adi qaydada işini davam etdirir, öhdəliklərin icrası başa çatana qədər işləyəcək”.
H.Sultanov onu da qeyd edib ki, SŞ-nin sığortalılarla yanaşı, kreditorlar qarşısında da öhdəlikləri var: “Şirkətə müəyyən xidmətlər göstərənlər olub, amma onların pulu ödənilməyib. Düşünürəm ki, BSŞ-nin aktivləri həm sığortalılar, həm də kreditorlar qarşısında öhdəlikləri yerinə yetirməyə imkan verəcək”.
Bununla belə, komissiya sədri Şirkətin öhdəliklərinin ümumi məbləğini açıqlayıb.
Xatırladaq ki, ABB-nin səhmdarlarının oktyabrın 12-də keçirilmiş növbədənkənar ümumi yığıncağında BSŞ-nin fəaliyyətinə xitam verilməsi barədə qərar qəbul edilib. Buna səbəb şirkətin maliyyə göstəricilərinin təsisçini qane etməməsi olub.
Qeyd edək ki, BSŞ 2002-ci ildə yaradılıb, nizamnamə kapitalı 14,8 mln. manatdır. Bu ilin ilk yarısında aktivləri təxminən 10% azalan şirkət yarımilliyi 1,485 mln. manat xalis zərərlə başa vurub.
Report