Son illər ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı və əlverişli investisiya qoyuluşunun təmin edilməsi istiqamətində mühüm islahatlar həyata keçirilir. Bu, öz müsbət nəticələrini verməkdədir. Təsadüfi deyil ki, COVID-19 pandemiyasının dünya iqtisadiyyatında yaratdığı böhran şəraitində belə Azərbaycan iqtisadiyyatı öz inkişaf templərini qoruyub saxlaya bildi və bu böhrandan minimum itkilərlə çıxmağa nail oldu.
Azərbaycanın əldə etdiyi uğurlar, aparılan islahatların müsbət nəticələri beynəlxalq təşkilatlar tərəfindən hazırlanan hesabatlarda, keçirilən rəy sorğularında da əksini tapır. Son hesabatlarda Azərbaycan investisiya yatırımı üçün cəlbedici ölkə kimi göstərilir.
Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK) təşkilatçılığı ilə cari iqtisadi vəziyyət və biznesin inkişaf perspektivləri, həmçinin ölkədə investisiya mühiti və həyata keçirilən iqtisadi islahatların səmərəliliyi haqqında “Azərbaycanda Xarici Biznes: Biznes Mühiti Sorğusu 2021” hesabatında beynəlxalq şirkətlərin Azərbaycan iqtisadiyyatını dayanıqlı hesab etdikləri əksini tapıb.
Haqqında söhbət açdığımız hesabat ölkəmizdə pandemiyanın iqtisadiyyata təsirinin müəyyənləşdirilməsi və təhlil edilməsi, həmçinin mənfi təsirlərin minimuma endirilməsi istiqamətində həyata keçirilən islahatların qiymətləndirilməsində faydalı platformadır. Bu cür hesabatlar işgüzar dairələrin rəyinin öyrənilməsi, biznes çağırışlarının dəyərləndirilməsi baxımından əhəmiyyətlidir.
Azərbaycanda fəaliyyət göstərən şirkətlərin 68 faizi ölkəmizin iqtisadi vəziyyətini sabit qiymətləndirir
“Azərbaycanda Xarici Biznes: Biznes Mühiti Sorğusu 2021” hesabatının hazırlanması zamanı ölkəmizdə təmsil olunan xarici şirkətlər arasında ətraflı sorğular aparılıb, onların işgüzar mühit, habelə işğaldan azad edilmiş ərazilərdə biznesin qurulması və bərpa işlərində iştirakı barədə fikirləri öyrənilib.
Hesabat Azərbaycanda fəaliyyət göstərən xarici biznes nümayəndələri arasında 2021-ci ilin may-iyul aylarında keçirilən Biznes Mühiti Sorğusunun nəticələrinə əsaslanır. Hesabatın hazırlanması üçün Azərbaycanda fəaliyyət göstərən və 30 ölkəni təmsil edən (Almaniya, Böyük Britaniya, ABŞ, İsveçrə, Türkiyə və sair) 270 xarici şirkətə sorğu göndərilib, dəyərləndirmə üçün 130 etibarlı və tamamlanmış cavab seçilib. Sorğuda iştirak edən xarici şirkətlərin 88 faizi mikro müəssisələr və KOB-lardır. Şirkətlərin 67 faizi on ildən çoxdur ki, Azərbaycanda öz layihələrini həyata keçirir. Respondentlərin 68 faizi Azərbaycan iqtisadiyyatının mövcud vəziyyətini sabit qiymətləndirib. Əvvəlki hesabatda isə bu göstərici 39 faiz təşkil edirdi. Bu qiymətləndirmənin əsas səbəbləri sırasında vergi sistemində edilən dəyişikliklər və COVID-19 pandemiyasının kəskin vaxtlarında dövlətin sahibkarlara göstərdiyi dəstək dayanır. Həmçinin maliyyə sektorunda aparılan islahatlar da beynəlxalq şirkətlərin müsbət qiymətləndirdikləri məqamdır.
Azərbaycan biznes investisiyaları üçün mühüm ərazi kimi dəyərləndirilir
Azərbaycanda aparılan genişmiqyaslı iqtisadi islahatlar, qeyri-neft sektorunun inkişafı və dövlətimizin başçısı tərəfindən irəli sürülən, Azərbaycan iqtisadiyyatının əsasını təşkil edən “Qara qızılın insan kapitalına çevrilməsi” strategiyası dayanıqlı, stabil və çoxşaxəli iqtisadiyyatımızın formalaşmasına gətirib çıxarıb. Bütün bunların nəticəsidir ki, aparılan sorğuda xarici şirkətlərin 57 faizi Azərbaycanda fəaliyyətini genişləndirmək və ya yeni investisiya qoymaq niyyətini ifadə ediblər.
Azərbaycanın ərazi bötüvlüyünün təmin edilməsi ilə yaranan yeni investisiya imkanları beynəlxalq şirkətlərin diqqətini cəlb edib və Azərbaycan biznes investisiyaları üçün mühüm ərazi kimi qiymətləndirilib. Bu qiymətləndirmə ötən ilə nisbətə 50 faizdən 60 faizə yüksəlib. AHK-yə üzv şirkətlər işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq layihələrinə böyük maraq göstərirlər. Şirkətlərin 61 faizi bu layihələrdə podratçı/subpodratçı kimi çıxış etmək və ya dövlət-özəl tərəfdaşlığı çərçivəsində iştirakda maraqlıdırlar. Sorğuda iştirak edən xarici şirkətlərin 43 faizi fəaliyyət sahələri üzrə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda həyata keçiriləcək layihələrdə iştirak edə biləcəklərini, 22 faizi bu layihələrdə iştirakının mümkünlüyünü bildiriblər. Onların əksəriyyəti (17 faiz) tikinti, telekommunikasiya və informasiya texnologiyaları sahələrinə daha çox maraq göstərirlər.
Azad edilmiş ərazilərdə yeni sənaye zonalarının yaradılması investisiya imkanlarını daha da genişləndirəcək
Vətən müharibəsində əldə edilən şanlı Qələbədən dərhal sonra Qarabağda böyük quruculuq işlərinə başlanılıb. Avtomobil yolları yenidən qurulur və bərpa olunur, hava limanları inşa edilir. Azad olunmuş ərazilərimizdə reallaşdırılacaq “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları burada yeni biznes və investisiya imkanları yaradır. Bu ərazilərin zəngin sərvətləri, mineral resursları, kənd təsərrüfatı və heyvandarlıq sahələri, həmçinin bölgənin turizm potensialı xarici şirkətlərin diqqətini cəlb edir. Ağdam Sənaye Parkının strateji əhəmiyyəti və azad edilmiş ərazilərdə yeni sənaye zonalarının yaradılması xarici şirkətlərin investisiya imkanlarını daha da genişləndirəcək.
Bundan əlavə, Azərbaycanın tranzit potensialı da investisiyaların cəlbində xüsusi rola malikdir. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası Azərbaycanı tranzit mərkəzinə çevirməklə yanaşı, yük daşımaları sahəsində potensialı olan ölkələrə ucuz və qısa zamanda daşıma imkanları təqdim edir. Bu amillərin nəticəsidir ki, respondentlərin 60 faizi (əvvəlki hesabatda 50 faiz) Azərbaycanı əlverişli biznes məkanı kimi tövsiyə edir. Xarici iş adamları inanır ki, işğaldan azad edilmiş ərazilərimizdə bərpa işlərinin aparılması Xəzər bölgəsində təhlükəsizliyin və stabilliyin gücləndirilməsinə, beynəlxalq nəqliyyat və kommunikasiya layihələrinin həyata keçirilməsinə, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə töhfə verməklə yanaşı, dünyada ölkəmizin investisiya cəlbediciliyini və rəqabət qabiliyyətini artıracaq.
Sorğuda iştirak edənlərin 71 faizi Azərbaycandakı siyasi sabitliyi, 49 faizi təhlükəsiz ölkə olduğunu, 39 faizi infrastruktura davamlı sərmayə qoyuluşunu xüsusi vurğulayıb. Azərbaycan həyata keçirilən davamlı infrastruktur layihələri ilə dünyada qabaqcıl sıralardadır. Düzgün idarəetmə, neft sektoru ilə yanaşı, qeyri-neft sektoruna ayrılan diqqət davamlı infrastruktur layihələrinin həyata keçirilməsinə əlverişli imkanlar yaradır.
Son olaraq qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən ölkə həyatının bütün sahələrinə xüsusi diqqət ayrılır və davamlı inkişaf üçün genişmiqyaslı layihələr həyata keçirilir. İstər siyasi, istər sosial, istərsə də iqtisadi sferada tətbiq olunan düzgün strategiya ölkəmizi sülh içərisində, təhlükəsiz yaşamaq və münbit şəraitdə çalışmaq üçün cəlbedici edir.