“Amazon”un qurucusu milyarder Ceff Bezosun keçmiş həyat yoldaşı Makkenzi Skott təxminən 300 xeyriyyə təşkilatına 2.7 milyard dollar bağışlayıb.
Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.
Onlar arasında təhsil və mədəniyyət müəssisələri, eləcə də etnik və dini azlıqlara qarşı ayrı-seçkilik məsələləri ilə məşğul olan fərqi etiqad nümayəndələrinə dəstək verən təşkilatlar var.
“Bu 286 komanda ciddi araşdırma və təhlil yolu ilə seçilib. Onlar illərdir humanitar məqsədləri uğurla təbliğ edən insanlardır. Bu pullar nəyə xərclənəcək? Lazım olan hər bir şeyə: kömək etmək üçün yeni yollar tapmağa, önümüzdəki beş il ərzində yeni işçi götürməyə, onlar üçün oturacaqlar almağa və s.”, – deyə Skott öz bloqunda yazıb.
O həm də ayrılan pulun necə xərclənəcəyinə təşkilatların özləri qərar verəcəklərini bildirib. “Biz hesab edirik ki, böyük təcrübəyə malik olan bu komandalar pulun necə düzgün istifadə olunacağını daha yaxşı bilirlər”, – Makkenzi Skott izah edib.
Xatırladaq ki, Skott ilk dəfə 2020-ci ilin iyulunda xeyriyyəyə pul bağışlayıb. O vaxtdan bəri onun ianəsi 8.5 milyard dollara çatıb. Yanvar ayında “Forbes USA” ən səxavətli milyarderlərin reytinqini təqdim edib. Skott orada altıncı yeri tutub: o, irqi, gender və iqtisadi bərabərsizliklə mübarizə aparan təşkilatlara 5.83 milyard dollar bağışlayıb. Bu gün Makkenzi Skottun varidatı 57 milyard dollar dəyərində qiymətləndirilir və o, dünyanın ən zəngin insanları arasında 22-ci yeri tutur.