Milli Depozit Mərkəzinin yeni tariflərinin qüvvəyə minməsi nəticəsində tənzimlənən bazarda emitentlərin və investorların tarif yükü azaldılmışdır. Bu kapital bazarının tənzimlənən seqmentinin və şirkətlərin fond birjasında listinqə çıxışının təşviqi, eyni zamanda təkrar bazar əməliyyatlarının stimullaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Bu barədə Banker.az-a Bakı Fond Birjasından bildirilir.
Yeni tarif rejimi çərçivəsində fond birjasında listinqdə çıxan şirkətlər tərəfindən Milli Depozit Mərkəzinə ödənilən tariflər iki dəfədən çox aşağı salınmış, həmçinin fond birjasında korporativ qiymətli kağızlarla təkrar bazar, marketmeyker və repo əqdlərinin qeydiyyatı üzrə Milli Depozit Mərkəzi tərəfindən investorlardan tutulan tariflər optimallaşdırılmışdır.
Nəticədə listinqdə daxil olmaq üçün Bakı Fond Birjasına müraciətlərin sayı artmışdır. Hesab edirik ki, kapital bazarında qəbul edilmiş yeni tarif siyasəti fond birjasında lisitinqə çıxan şirkətlərin sayının və aparılan əməliyyatların həcminin daha da artmasını təmin edəcəkdir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının İdarə Heyətinin Qərarı ilə Milli Depozit Mərkəzinin yeni xidmət haqları bu günlərdə təsdiq edilmişdir. MDM-in xidmət haqları ilə aşağıdakı link vasitəsilə tanış olmaq olar: http://huquqiaktlar.gov.az/StatementDetails.aspx?statementId=49109