“Bakı Fond Birjası” QSC bağlanan bankdakı hesab qalıqları hələ də geri qaytara bilməyib.
Banker.az 1 yanvar 2025-ci il tarixinə olan göstəricilərə istinadən xəbər verir ki, BFB-nin lisenziyası ləğv edilmiş “NBC Bank” ASC-də 307 740 manatlıq cari hesab qalığı qalmaqdadır və keçən il heç bir geridönüş baş tutmayıb. Həmin aktivlər isə auditor tərəfindən zərər üzrə ehtiyat kimi tanınır.
“NBC Bank” ASC-nin lisenziyası 2020-ci ilin mayında Azərbaycan Mərkəzi Bankı tərəfindən ləğv edilib. Bakı Apellyasiya Məhkəməsinin 14 may 2020-ci il tarixli qərarı ilə “NBC Bank” ASC müflis elan edilmiş və iflas proseduruna başlanılmış, həmin qərarla Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedici təyin edilib. 2020-ci ilin sonuna ADIF bildirmişdi ki, “NBC Bank”ın toplam 8 606 əmanətçisinə 228 milyon manatdan çox kompensasiya (ümumi kompensasiya öhdəliyinin 84%-i) ödənilib.
2020-ci ilin əvvəlinə bankın balansında öhdəlikləri illik 17,1% artaraq 263.73 milyon manata, o cümlədən depozit portfeli 34,1% artaraq 142.77 milyon manata yüksəlmişdi.
Xatırladaq ki, “NBC Bank” 1992-ci ildə “Ruzu” səhmdar kommersiya bankı kimi yaradılıb, 2002-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 64 milyon manat idi. Bankın səhmlərinin 65.91%-i Bankın daxil olduğu “Nurgun Group” MMM-in prezidenti Nuru Yaşar oğlu Əliyevə məxsus idi.