-1 C
Baku
Sunday, December 15, 2024

BFB-nin REPO əməliyyatlarında ilk qeydə alınıb

“Bakı Fond Birjası” QSC-də (BFB) birja üzvü vasitəsi ilə ilk dəfə olaraq qeyri-bank olan hüquqi şəxslər arasında repo əqdi bağlanılıb. 

Bu barədə  BFB-dən bildirilib.

Məlumata görə, repo müddəti 30 gün, repo faiz dərəcəsi 11%. Əqd BFB-də market meyker tərəfindən likvidliyi təmin olunmuş korporativ istiqrazlarla bağlanılıb.

Qeyd edək ki, bu günə qədər repo əməliyyatları birja üzvləri vasitəsi ilə əsasən banklar arasında təşkil olunurdu.

BFB-nin yenilənmiş REPO bazarı platforması əqdin tərəflərinə REPO aləti vasitəsi ilə minimum xərc və zaman xərcləyərək, məbləğindən asılı olmayaraq istənilən həcmdə qısamüddətli likvidliyi idarə etmək imkanı verir.

Hazırda BFB-də REPO əməliyyatlarının risksiz və effektiv icrası üçün müvafiq hüquqi və texniki imkanlar mövcuddur.

Məlumat üçün bildirək ki, REPO aləti tərəflər arasında qiymətli kağızların alınıb və qısa müddətə geri satılmasını şərtləndirən sövdələşmədir. Repo zamanı qısamüddətli pul vəsaitinə ehtiyacı olan tərəf ona məxsus qiymətli kağızlar müqabilində digər tərəfdən bu vəsaiti müəyyən müddətə və faiz şərti ilə cəlb edir. Müddətin sonunda isə qiymətli kağızları öncədən razılaşdırılmış qiymətlə geri satın alır. Qiymətli kağızların satışı və geri satın alınması arasındakı qiymət fərqi qarşı tərəfin gəlirliliyi qismində çıxış edir.

REPO zamanı qiymətli kağızlar təminat rolunda çıxış edir. Tərəflərdən biri öhdəliklərini yerinə yetirmədikdə, repo təminatı (predmeti) olan qiymətli kağızlar BFB-də açıq bazarda satışa çıxarılır. Əqdlərin effektiv icrasını təmin etmək məqsədi ilə, BFB-də repo təminatı (predmeti) qismində dövlət qiymətli kağızları və likvidliyi təmin olunmuş korporativ istiqrazlar çıxış edir.

Repo üzrə borclanma girov müqabilində vəsaitlərin cəlb edilməsinə bənzəsə də, REPO təminatı olan qiymətli kağızlar girov hesab edilmir və əqdin bağlanılması prosesi BFB-nin təklif etdiyi mütərəqqi həllər sayəsində bir neçə saniyə ərzində tamamlanır.

Repo üzrə vəsaitlərin cəlb edilməsi şərtləri (müddət, faiz dərəcəsi) elektron platforma üzərindən rəqabətli mühitdə baş verdiyindən, bu maliyyə aləti tərəflərə daha şəffaf və optimal şərtlərə qısamüddətli likvidliyini idarə etmək imkanı yaradır.

Report

Son xəbərlər
Digər xəbərlər