Azərbaycanda kapital bazarı mədəniyyəti formalaşmayıb və bununla bağlı maarifləndirmə işləri davam etdirilməlidir.
Bunu “Bakı Fond Birjası” QSC-nin (BFB) İdarə Heyətinin sədri Ruslan Xəlilov bildirib.
“Bəzi böyük şirkətlərin kapital bazarına marağı olsa da, onların bir hissəsi hələlik ilkin kütləvi təklif (IPO) və yaxud listinq üçün tam şəkildə deyil. Məsələyə yalnız ilkin mərhələdə “səhmlərimi satdım, adım oldu” yanaşması ilə baxmaq düzgün deyil. Kapital bazarına çıxmaq sadəcə IPO ilə bitmir. Bu, həm də uzunmüddətli öhdəliklər, o cümlədən minoritar səhmdarlarla davamlı və şəffaf kommunikasiya, onların suallarının cavablandırılması, elektron səsvermə mexanizmlərinin yaradılması kimi prosesləri əhatə edir. Bu isə şirkətlərdən həm texniki, həm də institusional hazırlıq tələb edir,” – deyə o qeyd edib.
R. Xəlilov vurğulayıb ki, bəzi şirkətlər sadəcə bir sahibkara məxsusdur və onlar əlavə struktur qurmağa ehtiyac duymurlar: “Ola bilər ki, sahibkar düşünür ki, tək qərar verə bilir, səsi özüdür, nəyə ehtiyac var? Lakin bazara çıxış üçün bu yanaşma yetərli deyil. Bəzən şirkətlərdə maliyyə direktoru ilə söhbət zamanı məlum olur ki, onun kapital bazarları haqqında bilikləri məhduddur, bu barədə rəhbərliyinə izahat verməkdə çətinlik çəkir. Bəzi hallarda listinq məsləhət proqramı çərçivəsində şirkətlərlə razılaşma imzalanır, onlara texniki və hüquqi dəstək göstərilir. Amma bu praktika hələ yenidir”.
O əlavə edib ki, bəzi şirkətlər üçün prioritet istiqraz buraxmaq və borc kapitalı cəlb etmək olur: “Lakin bu zaman da onların aktiv strukturlarında borcun və səhmdar kapitalının nisbəti düzgün qurulmalıdır. Hazırda bu barədə müəyyən düşüncələr olsa da, hər kəs eyni hazırlıq səviyyəsində deyil.”