Bakı Fond Birjası (BFB) Avropanın tanınmış bazar infrastrukturu təchizatçılarından biri olan “Euronext” şirkəti ilə görüş keçirib.
Banker.az xəbər verir ki, bu barədə BFB məlumat verib. Görüşün 7 mart 2025-ci il tarixində baş tutduğu bildirilir.
Görüş zamanı əsas məqsəd bazarın inkişafını sürətləndirmək, qabaqcıl təcrübələri bölüşmək və Azərbaycanın kapital bazarını daha da gücləndirmək olub. Tərəflər bazar əməliyyatları, ticarət texnologiyaları, listinq (yəni şirkətlərin fond birjasında səhmlərini yerləşdirməsi) və davamlı maliyyə sahələrində əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Həmçinin, Azərbaycanın kapital bazarına daha çox beynəlxalq investor cəlb etmək, qlobal standartlara uyğunlaşmaq və investorların gözləntilərinə cavab vermək kimi mövzular da müzakirə edilib.
Bakı Fond Birjası maliyyə sektorunun inkişafını dəstəkləmək və yerli kapital bazarının davamlı böyüməsini təmin etmək üçün beynəlxalq tərəfdaşlıqları genişləndirməyə davam edir.
“Euronext” Avropanın ən böyük fond birjalarından biridir və bazar infrastrukturu təchizatçısıdır. 2000-ci ildə Amsterdam, Brüssel və Paris fond birjalarının birləşməsi nəticəsində yaradılıb. Hazırda “Euronext”in tərkibinə Amsterdam, Brüssel, Dublin, Lisabon, Milan, Oslo və Paris fond birjaları daxildir.
“Euronext” əsasən səhmlər, istiqrazlar, törəmə maliyyə alətləri və digər qiymətli kağızların alqı-satqısı ilə məşğuldur. Şirkət həmçinin bazar məlumatları, ticarət texnologiyaları və maliyyə xidmətləri təklif edir. Şirkətin məqsədi Avropa kapital bazarlarını birləşdirərək beynəlxalq investorlar və şirkətlər üçün vahid və effektiv platforma yaratmaqdır.
Qeyd edək ki, hazırda Azərbaycanda səhmləri distant məsafədən əldə etmək yalnız ABB-nin (yalnız banka məxsus) mobil tətbiqi ilə əldə etmək mümkündür.