Azərbaycanda real sektoru təmsil edən, qida sənayesi holdinqlərinə daxil olan bəzi şirkətlər səhmlərini ilkin kütləvi təklifə (IPO) çıxara bilər.
Bunu “Bakı Fond Birjası” QSC-nin (BFB) İdarə Heyətinin sədri Ruslan Xəlilov bildirib.
“Dediyim şirkətlər kifayət qədər dayanıqlıdır, maliyyə hesabatarını maliyyə standartlara (IFRS) uyğun tərtib edir, korporativ idarəetməyə malikdir. Onlar IPO-ya çıxa bilər. Konkret olaraq hansı şirkətin bunu edəcəyini indidən demək çətindir”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, hazırda IPO məsələsində əsas gözləntilər maliyyə, qismən isə telekommunikasiya sektorundandır: “Düşünürük ki, bank və sığorta şirkətləri IPO-ya daha hazırlıqlıdır. Telekommunikasiya sektoru da bu prosesə qatılmağa yaxın görünür. Amma konkret hansı şirkət qərar verəcək, nə vaxt IPO-ya çıxacaq – bu, hələ dəqiqləşməyib.
“Bəzi holdinqlər korporativ idarəetməyə, konsolidə olunmuş maliyyə hesabatlılığına malikdir. Bu isə IPO üçün mühüm şərtlərdən biridir. Hər hansı bir şirkət və yaxud şirkətlər qrupu – əgər IFRS üzrə kapital və mənfəət tələblərini qarşılayırsa, deməli IPO-ya çıxmaq imkanına malikdir. Hazırda bizdə listinq üçün bu tələblər mövcuddur”, – deyə R.Xəlilov əlavə edib.