Azərbaycanda reponun investisiya alətinə çevrilməsi kapital bazarının konsentrasiyasına təsir göstərir.
Bunu “Bakı Fond Birjası” QSC-nin (BFB) İdarə Heyətinin sədri Ruslan Xəlilov bildirib.
Onun sözlərinə görə, repo əməliyyatlarının investisiya aləti kimi istifadə olunması bazarda düzgün likvidlik idarəçiliyini pozur: “Əgər kimsə 7 gündən çox müddətə repo əməliyyatı həyata keçirirsə, bu, artıq həmin vasitənin likvidliyin idarə edilməsi məqsədilə yox, bazarda əlavə faiz marjası gəliri əldə etmək üçün istifadə edildiyini göstərir. Bu, ənənəvi investisiya alətlərininin dövriyyədəki payını azaldır. Burada bir prinsip var – qısa və uzunmüddətli borcun uzlaşdırılması. Əgər uzunmüddətli aktivlər qısamüddətli borc ilə maliyyələşdirilirsə və bazarda faizlər qalxarsa, bu, birbaşa olaraq IFRS standartlarına uyğun olaraq “Comprehensive Income”a mənfi təsir göstərir”.
R. Xəlilov bildirib ki, investorlar yalnız bank depozitləri ilə məhdudlaşmadan, real sektor şirkətləri tərəfindən buraxılan istiqrazlara da investisiya etməklə öz portfellərini diversifikasiya edə bilərlər: “Bu, müxtəlif risk və gəlir profillərindən faydalanmaq imkanı yaratmaqla yanaşı, kapital bazarının dərinləşməsinə və maliyyə alətlərinin şaxələnməsinə dəstək verir. Eyni zamanda, investorlar istiqrazlara investisiya edərkən emitentin maliyyə göstəricilərini və risk səviyyəsini də nəzərə almalıdırlar. Depozit-kredit faiz marjasını və istiqrazların gəlirliliyini müqayisə edərək, daha məlumatlı qərarlar vermək və portfellərini daha səmərəli şəkildə diversifikasiya etmək mümkündür.”
O vurğulayıb ki, yüksək faizli istiqrazların bazarda artımı likvidlik ehtiyacından, risklərin yüksəkliyindən qaynaqlanır: “İnvestorlar yüksək faiz tələb edirsə, bu, risklərin yüksək olduğunu göstərir. Lakin ümumilikdə, Azərbaycanda faizlərin qalxması makroiqtisadi kontekstdə Amerika və Avropa bazarlarında müşahidə edilən proseslərlə əlaqəli deyil. Bizim bazar fundamental olaraq onlardan asılı deyil, arada arbitraj mexanizmi yoxdur”.