Biləsuvar rayonunda yonca bağlamalarının qiyməti artıb.
Bu barədə bir qrup fermer məlumat verib.
Onların sözlərinə görə, ötən il birinci biçin quru ot bağlamasının satışı 2.5-3 manat civarında olsa da, bu il qiymət təxminən 1 manat artıb.
Fermerler bildirib ki, hazırda yonca bağlamasının qiyməti 3.5-4 manat arasında dəyişir: “Halbuki hazırda yoncanın birinci biçini başlayıb. Buna görə də qiymət bir az ucuz olmalı idi. Növbəti biçinlər yəqin ki, daha da bahalaşacaq”.
Satıcılar isə bunun əsas səbəbini quraqlıqla əlaqələndiriblər. Onların sözlərinə görə, bu il yağıntının az olması və rayonda mövcud su qıtlığı problemi səbəbindən yoncanın məhsuldarlığı zəif olub.
Satıcılar həmçinin yonca bağlamalarının bahalaşmasına daha bir səbəb kimi texnikalar tərəfindən biçin qiymətinin artdığını göstərir.
Məsələ ilə bağlı kənd təsərrüfatı mütəxəssisi Mirsahib Zəkiyev isə bahalaşmanın əsas səbəblərini açıqlayıb.
O bildirib ki, bahalaşmaya əsas səbəb kənd təsərrüfatında yaşanan su qıtlığıdır: “Yonca bitkisi su sevəndir. Biləsuvar rayonunda yonca sahələri lazımi qədər suvarılarsa, 5 dəfə biçin etmək mümkündür. Bu da öz növbəsində bolluğa və qiymət azalmasına gətirib çıxarar. Həmçinin daha bir səbəb isə mart ayında havaların isti keçməsini göstərmək olar”.