“Microsoft”un həmtəsisçisi Bill Qeyts bu günlərdə Çinə səfər edib və əvvəlcə ölkənin cənubundakı Haynan vilayətinə baş çəkib. “Dii Caizcin” nəşrinin məlumatına görə, o, ÇXR-də kənd təsərrüfatı, səhiyyə və süni intellektlə bağlı texnologiyalar sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib.
Qeyts həmçinin Şanxayda olub və burada Çinin aqrar texnologiyalar, yoluxucu xəstəliklərin profilaktikası, ana və uşaq sağlamlığının qorunması sahəsində nailiyyətləri ilə tanış olub. Nəşrə müsahibəsində o, Çinin modernləşmə və elmi tədqiqatlar sahəsində əhəmiyyətli irəliləyiş əldə etdiyini vurğulayıb.
“Çinin innovasiya potensialını hər zaman yüksək qiymətləndirirəm. Məsələn, yeni dərmanların hazırlanması sahəsində inkişaf tempi hətta gözləntilərimi də üstələyib”, — deyə o bildirib. Onun sözlərinə görə, hibrid düyü və digər kənd təsərrüfatı texnologiyaları sahəsində aparılan tədqiqatların nəticələri onda xüsusi təəssürat yaradıb. Qeyts qeyd edib ki, Fond ilə Çin arasında ortaq baxış mövcuddur: elmi nailiyyətlər ilk növbədə inkişaf etməkdə olan ölkələrdə, xüsusən də Afrika dövlətlərində ən həssas əhali qruplarına fayda verməlidir.
Qeyts süni intellektin elmi tədqiqatların, xüsusilə biologiya və tibbin sürətləndirilməsində əsas rol oynayacağına əminliyini də ifadə edib.
Fond səhiyyədə süni intellektin tətbiqinə də xüsusi diqqət ayırır. Xüsusilə Afrika dillərində məlumat bazalarının yaradılması layihələri həyata keçirilir ki, bu da ucqar bölgələrin sakinlərinə mobil cihazlar vasitəsilə tibbi tövsiyələr almağa imkan verəcək.
Qeyts Şanxayda aparılan tədqiqatların, o cümlədən biotexnologiya və süni intellekt sahəsində işlərin yüksək səviyyəsini də qeyd edib. O vurğulayıb ki, fondun məqsədi qabaqcıl texnologiyalara inkişaf etməkdə olan ölkələrin çıxışını təmin etməkdir, hətta bu texnologiyaların inkişaf etmiş iqtisadiyyatlarda tətbiqi daha yüksək kommersiya gəliri gətirsə belə.
Bu, Qeytsin 2023-cü ilin iyunundan bəri Çinə ilk səfəridir. Son 30 ildə o, ölkəyə 20 dəfədən çox səfər edib.






