-1 C
Baku
Saturday, December 14, 2024

Bill Qeytsin 2022-ci il üçün 7 proqnozu

Dünyanın ən varlı insanlarından biri, “Microsoft” korporasiyasının həmtəsisçisi və ən böyük səhmdarı tanınmış xeyriyyəçi Bill Qeyts 2022-ci ilə kifayət qədər nikbin baxır.

Banker.az xəbər verir ki, o, yeni ildə insan həyatının və fəaliyyətinin müxtəlif sahələrində bir sıra elmi irəliləyişlərin olacağını proqnozlaşdırıb.

Koronavirus pandemiyası

Bill Qeytsin sözlərinə görə, 2022-ci ildə dünyanı sürətlə ələ keçirən və “delta”nı sıxışdıran “omikron” ştamına baxmayaraq, koronavirus pandemiyasının kəskin mərhələsi başa çatacaq.

Xatırladaq ki, daha əvvəl iş adamı pandemiyanın 2021-ci ildə bitəcəyini proqonozlaşdırmışdı. Bununla belə, o, insanları peyvənd olunmağa və maska taxmağa davam etməyə çağırmışdı.

Alçheymer xəstəliyinin qan analizi ilə müəyyən edilməsi

Alçheymer xəstəliyi planetdə ən çox yayılmış neyrodegenerativ xəstəlik hesab olunur və demensiya hallarının 60-70%-nə səbəb olur. Qeytsin fikrincə, innovativ qan testi üsulu xəstəliyin xarakterik əlamətləri görünməzdən illər əvvəl diaqnoz qoymağa kömək edəcək ki, bu da idrak qabiliyyətini qoruyub saxlamağa imkan verəcək.

Milyarder qeyd edir ki, son illərdə bu sahədə əhəmiyyətli irəliləyişlər əldə olunub və 2022-ci il dönüş nöqtəsi ola bilər.

Günəşin bloklanması

Qeyts 2022-ci ildə Harvard Universitetinin alimləri tərəfindən hazırlanmış iqlim dəyişikliyi ilə mübarizə üçün eksperimental metodun sınaqdan keçiriləcəyini gözləyir.

Milyarder günəş geomühəndisliyi üzrə mütəxəssislər tərəfindən yaradılmış “ScoPEx” layihəsinin inkişafına sərmayə qoyub. “Layihə hava şarından istifadə etməklə kalsium karbonat hissəciklərinin (100 qramdan 2 kiloqrama qədər) 20 kilometr hündürlükdə atmosferə buraxılmasını nəzərdə tutur. Nəticədə səpələnmiş bulud əmələ gəlir ki, bu da günəş işığının atmosferə mənfi təsirini azaldır”, – deyə Bill Qeyts söyləyir.

Sağlamlığın ev şəraitində diaqnostikası

Qeyts yaxın gələcəkdə evinizdən çıxmadan bütün həyati əlamətləri ölçməyə imkan verən cihazın yaradılacağını proqnozlaşdırır. Xeyriyyəçi əmindir ki, yaxın illərdə həkimlər “ağıllı” saatlar vasitəsilə xəstələrinin göstəricilərini toplaya biləcəklər. “Çox güman ki, ağıllı saatınız evdə sağlamlıq monitorunuz olacaq. Amma düzünü desəm, biz hələ də çoxlu yeni proqramların və sensorların tərtib edilməsini gözləyirik”, – Qeyts əlavə edir.

Milyarderin sözlərinə görə, gələcəkdə hər kəs aptekdə qan analizi verə biləcək. O, həmçinin teletibbin inkişafında böyük imkanlar görür ki, bu da xəstələrin başqa şəhərə köçdükləri təqdirdə həkimləri dəyişməməyə imkan verəcək.

Poliomielit xəstəliyinin aradan qaldırılması

Qeyts bildirib ki, 2022-ci ilə qədər onun yalnız bir məqsədi olsaydı, bu, poliomielit, həmçinin vərəm və malyariya kimi xəstəliklərin kökünü kəsmək olardı.

Son onilliklər ərzində bəşəriyyət bu xəstəliyə qarşı misli görünməmiş səylər göstərmişdir. Amma hələ də uşaq iflicinin olduğu ölkələr var. Geyts poliovirusu aradan qaldırmaq üçün əsaslı addımlar atan insanlardan biri olmaq istəyir.

Hidrogen nəqliyyat

Qeytsin sözlərinə görə, gələn il biz Breakthrough “Energy Ventures”, “Catalyst” və “Fellows” layihələri vasitəsilə təmiz enerji sahəsində böyük irəliləyiş gözləyə bilərik. Milyarder təmiz, lakin münasib qiymətə hidrogen yanacağı istehsal etmək yollarının tapılmasında real irəliləyişin olacağını proqnozlaşdırır.

Bu ilin oktyabr ayında Qeyts və Böyük Britaniyanın Baş naziri Boris Conson yaşıl enerjinin inkişafını sürətləndirmək və 2050-ci ilə qədər sıfır karbon hədəflərinə nail olmaq üçün 400 milyon funt sterlinq dəyərində layihə işə salıblar.

“Breakthrough Energy Ventures”, “Catalyst” və “Fellows” yaşıl hidrogen, uzunmüddətli enerji saxlama, davamlı aviasiya yanacağı və CO2-nin havadan tutulması sistemlərinə diqqət yetirir.

Görüş yeri – metakainat

İki-üç ildən sonra virtual görüşlərin çoxu metaversedə baş verəcək. “İdeya budur ki, siz avatarınızdan istifadə edərək insanlarla real otaqda olmaq hissini simulyasiya edən virtual məkanda görüşəcəksiniz. Bunu etmək üçün sizə VR eynəkləri və hərəkəti əks etdirən əlcəklər lazımdır.”, – deyə Qeyts əmin edir və metaversenin texnoloji aspektinin son dərəcə sürətlə inkişaf etdiyini və zaman keçdikcə bu prosesin daha da sürətlənəcəyini vurğulayır.

Son xəbərlər
Digər xəbərlər