Bill və Melinda Qeytsin idarə etdiyi “Bill & Melinda Gates Foundation” xeyriyyə fondu investisiya portfelini yenidən balanslaşdırıb.
Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.
Verilən məlumata görə, 2020-ci ilin dördüncü rübündə fond “Apple” səhmlərinin yarısını, “Alibaba Group” və “Uber Technologies” səhmlərinin isə hamısını satıb. Bu barədə ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyasına (SEC) təqdim edilən hesabatda deyilir.
Beləliklə, “Bill & Melinda Gates Foundation” aşağıdakı səhmlərdən tam olaraq imtina edib:
– “Alibaba Group” – 552 383 depozit qəbzi;
– “Uber Technologies” – 26 767 səhm;
– “Boston Properties” – 1.1 milyon qiymətli kağız.
Bununla yanaşı, fond “Apple” səhmlərini iki dəfə azaldıb (2 milyondan 1 milyonadək). Eyni zamanda, “Amazon” səhmlərinin sayı 60 460-dan 30 230-dək azaldılıb.
Qeyd edək ki, “Bill & Melinda Gates Foundation” həmçinin “Liberty Latin America” telekommunikasiya şirkətinin, “Berkshire Hathaway” holdinqinin və “China Metro-Rural Holdings”in səhmlərini ixtisar edib.
Bill və Melinda Qeyts fondunun investisiya portfelində həmçinin “Coca-Cola”, “Twitter”, “Walmart” və digərlərin səhmləri vardır. Ümumiyyətlə, 2020-ci ildə fond təkcə “Schrodinger” şirkətindəki payını artırıb – 4.98 milyondan 6.98 milyonadək.
Bildirildiyi kimi, bu şirkət Riçard Frinser və Bill Qoddard tərəfindən 1990-cı ildə təsis edilib. Bu gün “Schrodinger”in proqram təminatından 1250-dən çox təhsil müəssisəsində istifadə olunur. O, 20-dən çox əczaçılıq şirkəti ilə əməkdaşlıq edir.
2020-ci ilin fevral ayında “Schrodinger” Nasdaq birjasında IPO keçirib – şirkət 13.7 milyon səhm buraxıb və 232 milyon dollar cəlb edib. İlin sonunda “Schrodinger”in səhmləri 464% artaraq 79.18 dollara çatıb.