“Microsoft”un qurucusu milyarder Bill Gates və onun keçmiş həyat yoldaşı Melinda boşanmanı elan etdikdən sonra, 27 illik evlilikdə qazandıqları əmlakı bölüşdürməyə başlayıblar.
Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.
Xatırladaq ki, Gates ailəsinin boşanması haqqında məlumat bazar ertəsi yayılıb. Həmin gün Bill Gatesin aktivlərini idarə edən “Cascade Investment” şirkəti onun keçmiş həyat yoldaşının adına 1.8 milyard dollar dəyərində qiymətli kağızlar köçürüb.
ABŞ-ın Qiymətli Kağızlar və Birjalar Komissiyasına göndərilən hesabata əsasən, “Canadian National Railway” dəmir yol operatorunun 14.1 milyon səhmi və “AutoNation” avtodilerin 2.94 milyon səhmi Melindada qalacaq.
Qeyd edək ki, “Forbes” jurnalı Bill Gatesin sərvətini 130 milyard dollar dəyərində qiymətləndirir. Onun əsas aktivi “Cascade Investment”dir. Bill və Melinda Gates həmçinin böyük torpaq sahələrinə sahibdirlər: Vaşinqton ştatındakı 6 min kv. m-lik ev onlara məxsusdur.
Gates ailəsi Vaşinqtonda yaşayır və ştatın qanunlarına görə, nikahdan sonra qazanılan bütün əmlak bərabər bölünəcək. Lakin bu o demək deyil ki, onların hər birinə bərabər pay çatacaq. Mütəxəssislərin sözlərinə görə, hakim onların birinə daha kiçik və ya böyük pay verə bilər.
Hamını narahat edən məsələlərdən biri “Bill and Melinda Gates Foundation”un aqibətidir. Bildiyimiz kimi, o, dünyanın ən böyük özəl xeyriyyə təşkilatlarından biridir. “Bloomberg”in verdiyi məlumata görə, Bill və Melinda boşandıqdan sonra fondun həmsədrləri və qəyyumları olaraq qalacaqlar.
Böyüklüyünə baxmayaraq, Gates fondunun idarə heyətində yalnız üç üzv var: Bill, Melinda və onların köhnə dostları Warren Buffett. Bu o deməkdir ki, Bill və Melinda arasında mümkün olan fikir ayrılıqlarını Buffett həll edəcək.